ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Cenevrədə keçirilən son ABŞ–İran görüşü göstərdi ki, tərəflər artıq klassik “etimad quruculuğu” mərhələsini geridə qoyub və birbaşa nəticəyönlü təzyiq formatına keçiblər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
O qeyd edib ki, Vaşinqtonun təqdim etdiyi şərtlər paketi İranın yalnız nüvə proqramını deyil, bütövlükdə hərbi-siyasi çəkindiricilik modelini hədəfə alır: “Xüsusilə zənginləşdirmənin tam və daimi dayandırılması, strateji obyektlərin sökülməsi və ballistik imkanların məhdudlaşdırılması tələbi Tehranın gələcək manevr imkanlarını ciddi şəkildə daraldır. Bu yanaşma faktiki olaraq “nəzarət edilən inteqrasiya, ya da təcrid” dilemmasını gündəmə gətirir”.
Z.Qarayevanın sözlərinə görə, digər tərəfdən, İran üçün məsələ iqtisadi sanksiyaların qismən yumşaldılması ilə həll olunacaq texniki dosye deyil: “Regional təsir şəbəkəsinin zəiflədilməsi və müdafiə potensialının ixtisarı Tehranın təhlükəsizlik arxitekturasında sistemli dəyişiklik deməkdir. Bu səbəbdən danışıqların taleyi yalnız Cenevrə masasındakı formuldan asılı deyil; proses paralel olaraq regiondakı hərbi-siyasi dinamika ilə formalaşır. Əgər tərəflər qarşılıqlı minimal güzəşt zonasını müəyyən edə bilməsələr, diplomatik xətt sürətlə strateji qarşıdurma müstəvisinə keçə bilər”.
Röya İsrafilova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.