1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olub.
Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı.
Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişdilər.
Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdü. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edildi.
Hadisələrin baş verdiyi dövrdə Ağdamda yaşayan və proseslərə yaxından şahid olan tarixçi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, Xocalı faciəsinə aparan yolda bir sıra silsilə hadisələr baş verdi:
“Xocalı soyqırımına gedən yol 366-cı motoatıcı alayın Qarabağa yerləşdirilməsi ilə başladı. Əsgəranda Əli və Bəxtiyarın şəhid edilməsindən sonra bir çox rayonlardan yüzlərlə, minlərlə insan gəlmişdi ki, erməniləri torpaqlardan çıxaraq.
Həmin vaxt Ağdamda baş verən hadisələr, siyasi mövqeyi olan insanların vətəndaşları sakitləşdirmək üçün ortaya atdığı şayiələr camaatı dayandırdı. Bu faciənin başlanğıcı idi. Xocalı hadisələri zamanı ermənilərə kütləvi silahların daşınmasına şərait yaradan Gürcüstanı da unutmaq olmaz.

Rusiyanın bu ölkədə hərbi bazası var idi və ermənilərə silah məhz buradan daşınırdı. Eyni zamanda Xocalı faciəsi barədə İran da məlumatlı idi. Çünki İranda da bəlli idi ki, belə bir hadisə olacaq. Onlar bizə xəbərdarlıq etməmişdilər. İran bilirdi ki, Ermənistan Azərbaycana qarşı açıq şəkildə hadisə hazırlayır. Bakıda kreslo davası edən bəzi şəxslərin ortaq nöqtəyə gəlməməsi də faciənin baş verməsinə səbəb olan əsas faktorlardandır. Xocalı fevralın əvvəllərindən həyəcan siqnalı verirdi.
Burada bir sual meydana çıxır: Fəhmin Hacıyev niyə hərbi texnikanın Ağdam ərazisindən çıxarılması əmrini verdi? Hadisədən bir müddət öncə, Qarabağdakı xəstəxanalarda boş yerlərin saxlanılması ilə bağlı göstəriş verilib. Bu sualların cavabı bu günədək açıqlanmır.
Z.Əliyev qeyd edib ki, faciədə əli olan qatillərin hüquqi müstəvidə mühakimə olunması mütləq zərurətdir:
“Fevralın 26-da ermənilər Xocalıda çox dəhşətli faciə yaşandı. Ermənilər yalandan xəbər yaydılar ki, guya biz sakinlərə koridor açmışıq. Həmin dövrdə hadisəni görən, yaşayan şahidlər təsdiq edirlər ki, onların koridor dediyi şey azərbaycanlıları hissələrə parçalayıb müəyyən yerlərdə qətl etmək idi. Xocalı faciəsindən sonra 366-cı motoatıcı alayın rəhbərlərinin rahat şəkildə İrəvana, oradan da Moskvaya getdi.
Lakin Azərbaycan tərəfinin həmin şəxsləri cinayətkar qismində məsuliyyətə cəlb olunması və təhvil verilməsi ilə bağlı heç bir iddiası olmadı. Xocalı soyqırımı günü mətbuatda çoxsayılı fikirlər səsləndirilirdi. Ölü sayının 1000-dən çox olduğu deyilirdi. Hətta Milli Məclis ilk iclasında 250 nəfərin ölməsi ilə bağlı məlumat yaymışdı. Sonradan bu 613 nəfərə çatdırıldı. Lakin bu heç də real rəqəmlər deyil.
Çünki 613 rəqəmi say nöqteyi-nəzərdən, hadisənin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinə əngəllər yaratdı. Xocalı barədə məlumatlı informasiya var idi. Amma bu məlumatların olmasına baxmayaraq, əhalinin evakuasiya olunması prosesi niyə baş vermədi? Xocalı hələ də öz suallarına cavab tapmayıb. Bu faciə zamanı 8 böyük nəsil yoxa çıxıb. Niyə bu günədək Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qanun layihəsi qəbul edilməyib? Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin bu hadisə ilə bağlı müxtəlif fərmanları var. Biz bu qanun layihəsini qəbul edib digər ölkələrin qanunverici orqanlarında addımlar ata bilərik. Xocalı soyqırımında birbaşa əli olan və hazırda Rusiyanın Perm şəhərində hərbi müəllim işləyən Yuri Zaviqarovun Azərbaycana təhvil veriməsinə nail ola bilmirik? Belə adamları axtarıb tapmaq elə də çətin deyil”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması”” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız