AZ

İki Avropa ölkəsindən paraşütçülər Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşırlar

Britaniya və Fransa paraşütçüləri Ukraynada mümkün sülhməramlı missiyada iştirak üçün son hazırlıqlarını başa çatdırıblar.

Bildirilib ki, Böyük Britaniyanın 16-cı Hava-Desant Briqadasından 600-dən çox hərbçi Fransa Silahlı Qüvvələrinin 11-ci Paraşüt Briqadasının bölmələri ilə birlikdə şərti hava-desant hücumu həyata keçirib.

Editor.az bu barədən İngiltərənin The Telegraph qəzetinin məlumatına istinadla xəber verir.

Məlumatda qeyd olunur: “Bretan bölgəsində keçirilən bu təlim Rusiya–Ukrayna müharibəsinin başlanmasının dördüncü ildönümünə təsadüf edib. Təlim NATO çərçivəsində dünyanın istənilən nöqtəsində yerləşdirilməyə hazır olan paraşütçülər üçün son hazırlıq mərhələsi hesab olunur”.

Bu açıqlama Böyük Britaniyanın Baş naziri Keir Starmerin Moskva və Kiyev arasında atəşkəs əldə olunacağı təqdirdə, Britaniya və Fransanın Ukraynada sülhməramlı əməliyyatlara rəhbərlik edəcəyini bəyan etməsindən cəmi bir neçə həftə sonra verilib.

Qeyd olunur ki, sözügedən missiyada iştirak edə biləcək bölmələrin tam tərkibi hələ açıqlanmayıb. Bununla belə, 16-cı Hava-Desant Briqadasının Böyük Britaniyanın yüksək hazırlıq səviyyəli qüvvələrinin bir hissəsi olduğu və NATO qüvvələri çərçivəsində qısa müddətdə yerləşdirilmə imkanına malik olduğu vurğulanır.

Böyük Britaniyanın müdafiə naziri John Healeynin sözlərinə görə, Britaniya ordusu Ukraynaya yerləşdiriləcəyi təqdirdə, hava və dəniz təhlükəsizliyini təmin etməklə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin gələcəkdə yenidən qurulmasına da dəstək verəcək.

// Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr