AZ

Bakı Türkoloji Qurultayının tarixi dərsləri və gələcəyə yönəlik ideyaları

Müsahibimiz AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir

I Türkoloji Qurultay 100 il əvvəl Türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında mühüm rol oynamışdır. Bu tarixi hadisə yalnız o dövrün akademik dairələri üçün deyil, gələcək nəsillər üçün də strateji dərslər vermişdir. Qurultay ortaq dil, əlifba, ədəbi-mədəni əməkdaşlıq və elmi həmrəylik prinsiplərini irəli sürərək türk xalqlarının birliyini möhkəmləndirəcək zəmin yaratmışdır. 100 ildən sonra I Türkoloji Qurultayın ideyaları yeni məzmun və perspektiv qazanmışdır. 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli ilə söhbətimiz bu barədədir. Onunla Qurultayın dərsləri, müasir dövrdə aktuallığı və Türk dünyasının gələcəyinə verdiyi töhfələri müzakirə etdik. Bu müsahibə həm də Türkoloji irsin qorunması və gənc nəsillərə çatdırılması istiqamətində yeni bir yol xəritəsi təqdim edir.

– İsa müəllim, elmi-mədəni ictimaiyyət Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini 1 əsrdən sonra necə dəyərləndirir?
– Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti 100 il sonra daha aydın və daha dərindən görünür. Çünki zaman keçdikcə bu mötəbər elmi toplantının yalnız öz dövrü üçün deyil, bütövlükdə Türk dünyasının gələcək inkişafı üçün strateji əhəmiyyət daşıdığı təsdiqlənmişdir.
Əvvəla, Qurultay türk xalqlarının elmi düşüncə tarixində ilk böyük miqyaslı beynəlxalq platforma idi. Burada dil, əlifba, ədəbiyyat, folklor, tarix və etnoqrafiya məsələləri sistemli şəkildə müzakirə olunmuş, türkologiya müstəqil elmi istiqamət kimi formalaşmışdır. Bu baxımdan Qurultay elmi koordinasiyanın və ortaq intellektual məkanın başlanğıcı olmuşdur.
İkincisi, Qurultay milli özünüdərk prosesini gücləndirmişdir. XX əsrin əvvəllərində mürəkkəb ictimai-siyasi şəraitdə keçirilən toplantı türk xalqlarının ortaq köklərə, dil ailəsinə və mədəni dəyərlərə malik olduğunu elmi əsaslarla ortaya qoymuşdur. Bu, milli kimliyin möhkəmlənməsi baxımından mühüm mərhələ idi.
Üçüncüsü, latın qrafikalı əlifbaya keçid məsələsinin müzakirəsi və bu istiqamətdə qəbul edilən qərarlar sonrakı onilliklərdə türk xalqlarının maarifçilik və mədəni inkişafına böyük təkan verdi. Bu gün 100 ildən sonra ortaq türk əlifbasının yenidən qəbul edilməsi ilə həmin ideyaların yeni mərhələdə reallaşdığını görürük. Bu, tarixi ardıcıllığın və ideya davamlılığının göstəricisidir.
Dördüncüsü, Qurultay türk xalqları arasında elmi və mədəni həmrəyliyin əsasını qoydu. Bu gün Türk dünyasında keçirilən ortaq konfranslar, elmi layihələr, ədəbi nəşrlər və mədəni proqramlar həmin ənənənin davamıdır. 100 il əvvəl atılmış addımlar bu gün yeni əməkdaşlıq formasında öz bəhrəsini verir.
Nəhayət, Birinci Türkoloji Qurultay bizə bir mühüm dərs verdi: birlik və elmi əməkdaşlıq inkişafın əsas şərtidir. Bu gün qloballaşma şəraitində mədəni kimliyin qorunması və inkişaf etdirilməsi üçün ortaq elmi platformaların yaradılması daha böyük əhəmiyyət daşıyır. Qurultayın ideyaları göstərir ki, ortaq dil və mədəniyyət ətrafında birləşmək yalnız tarixi zərurət deyil, həm də gələcəyə hesablanmış strateji seçimdir.
Birinci Türkoloji Qurultay təkcə elmi hadisə deyil, Türk dünyasının intellektual birliyinin simvolu, ortaq gələcəyimizin ideoloji və elmi təməlidir. 100 il sonra onun əhəmiyyəti daha da artmış, yeni məzmun və perspektiv qazanmışdır.
– Türkoloji Qurultayın bu gün üçün böyük tarixi və ideoloji əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzalanması deyilənlərin təsdiqidir. Bu barədə nə deyərdiniz? 
– Bu sərəncamı həm siyasi və həm də elmi baxımdan strateji əhəmiyyətə malik mühüm qərar kimi qiymətləndirirəm. Prezident İlham Əliyev tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması haqqında sənədin imzalanması, hər şeydən əvvəl, türkoloji irsə və ümumilikdə türk dünyasının ortaq elmi-mədəni dəyərlərinə verilən böyük önəmin ifadəsidir.
Bu qərar göstərir ki, Birinci Türkoloji Qurultay təkcə tarixi hadisə deyil, müasir dövr üçün aktual ideyalar mənbəyi kimi də qəbul olunur. Dövlət səviyyəsində yubileyin keçirilməsi həm də türk xalqlarının ortaq elmi-mədəni platformada birliyi və həmrəyliyi istiqamətində atılan addımların davamıdır.
Sərəncamın tarixi əhəmiyyəti ondadır ki, o, elmi ictimaiyyət üçün yeni imkanlar açdı – beynəlxalq konfranslar, nəşr layihələri, ortaq əlifba təşəbbüsləri və fundamental tədqiqatlar geniş vüsət aldı. Bu, tarixə ehtiramla yanaşmaqla yanaşı, gələcəyə hesablanmış mədəni və elmi strategiyanın tərkib hissəsidir.
Eyni zamanda, möhtərəm Prezidentimizin imzaladığı Sərəncam Azərbaycan dövlətinin Türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfənin bariz nümunəsidir. Qurultayın 100 illiyinin qeyd olunması milli yaddaşın möhkəmləndirilməsi, ortaq köklərin və ortaq dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu Sərəncam həm tarixi ədalətin bərpası, həm də gələcəyə yönəlmiş elmi-mədəni siyasətin ifadəsidir.
Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın keçirilməsi haqqında sərəncamı 100 il əvvəl Türk dünyasının elmi-mədəni inteqrasiyası üçün böyük təməllər yaratmış, ortaq türk əlifbasına keçmək üçün qərar qəbul etmiş və faciəli tale yaşamış görkəmli türkoloq alimlərə, şair və yazıçılara verilmiş siyasi bəraət nümunəsidir.
– Sizcə, Qurultayın ideyaları bu gün üçün nə dərəcədə aktualdır?
– Birinci Türkoloji Qurultayın ideyaları strateji əhəmiyyət daşıyır. 100 il əvvəl irəli sürülmüş fikirlər müasir dövrdə yeni məzmun qazanaraq Türk dünyasının inteqrasiyası, elmi əməkdaşlığı və mədəni həmrəyliyi baxımından mühüm istiqamətverici rol oynayır.
Qurultayın əsas ideyalarından biri ortaq elmi platformanın yaradılması idi. Bu gün qloballaşma və rəqəmsallaşma şəraitində türk xalqları arasında elmi əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi və akademik mübadilənin gücləndirilməsi həmin ideyanın müasir təzahürüdür. Türkoloji araşdırmalar artıq ayrı-ayrı ölkələrin daxilində deyil, beynəlxalq miqyasda koordinasiya olunur.
Ortaq əlifba və dil birliyi məsələsi Qurultayın mərkəzi mövzularından biri olmuşdur. Bu gün latın qrafikalı ortaq türk əlifbasının qəbul edilməsi, terminoloji uyğunlaşdırma və dil sahəsində əməkdaşlıq bu ideyaların davamıdır. Ortaq əlifba qarşılıqlı anlaşmanı asanlaşdırır, ədəbi və elmi mətnlərin paylaşımını sürətləndirir və ortaq informasiya məkanının formalaşmasına xidmət edir.
Qurultay milli kimlik və mədəni özünüdərk məsələsini elmi əsaslarla gündəmə gətirmişdi. Müasir dövrdə mədəni müxtəlifliyin qorunması və milli dəyərlərin yaşadılması daha da əhəmiyyətlidir. Türk xalqlarının ortaq tarixi köklərinin, folklorunun, ədəbiyyatının və mənəvi irsinin sistemli şəkildə araşdırılması və təbliği bu ideyanın davamıdır.
Qurultay həmrəylik və inteqrasiya çağırışı idi. Bu gün Türk dünyasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq platformalarının genişlənməsi həmin ideyaların praktik nəticəsidir. Elmi və humanitar əməkdaşlıq bu inteqrasiyanın əsas dayaqlarından biridir.
Nəhayət, Qurultayın ən böyük dərsi ondan ibarətdir ki, ortaq məqsədlər ətrafında birləşmək inkişafın əsas şərtidir. Müasir dünyada informasiya müharibələri, mədəni təsirlər və qloballaşma prosesləri fonunda ortaq elmi mövqe və mədəni həmrəylik daha vacibdir. Birinci Türkoloji Qurultayın ideyaları bu gün yalnız tarixi irs kimi deyil, həm də gələcəyə istiqamət verən konseptual baza kimi çıxış edir. Onlar Türk dünyasının intellektual birliyini möhkəmləndirən və davamlı inkişafını təmin edən əsas ideoloji sütunlardandır.
– Qurultayın 100 illik yubileyinin keçirilməsi nə üçün vacib idi?
– Yubileylər sadəcə tarixi hadisəni xatırlamaq məqsədi daşımır, həm də milli yaddaşın yenilənməsi, elmi irsin dəyərləndirilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün mühüm platformadır. Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində və yüksək təşkilatçılıqla qeyd olunması bir çox səbəbdən xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, bu, Qurultayın tarixi roluna verilən rəsmi və siyasi qiymətin ifadəsi idi.
100 illik yubileyin Dövlət səviyyəsində qeyd olunması göstərdi ki, bu hadisə yalnız elmi ictimaiyyət üçün deyil, bütövlükdə milli-mədəni inkişaf tariximiz üçün fundamental mərhələdir. Bu, tarixi irsə sahib çıxmaq və onu gələcək nəsillərə sistemli şəkildə ötürmək baxımından mühüm addımdır.
Yubiley tədbirləri elmi ictimaiyyəti yenidən bir araya gətirdi. Beynəlxalq konfranslar, nəşr layihələri, ortaq əlifba təşəbbüsləri və tədqiqat proqramları 100 il əvvəl qoyulmuş ideyaların müasir mərhələdə davam etdirildiyini göstərdi. Bu baxımdan yubiley yalnız xatirə xarakteri daşımadı, həm də real elmi nəticələr verdi.
Bu, həm də Türk dünyasına ünvanlanan mühüm bir mesaj idi. O mesaj ondan ibarətdir ki, ortaq köklərimiz, ortaq dil ailəmiz və ortaq mədəniyyətimiz bizi birləşdirən əsas amillərdir. Qloballaşan dünyada mədəni kimliyin qorunması və gücləndirilməsi üçün belə ideoloji dayaqlar son dərəcə vacibdir.
 100 illik yubiley nəsillərarası körpü rolunu oynadı. Gənc tədqiqatçılar və tələbələr üçün Birinci Türkoloji Qurultayın irsi yenidən təqdim olundu, onun qərarları və ideyaları müasir elmi kontekstdə şərh edildi. Bu isə elmi ənənənin davamlılığını təmin edən əsas amillərdəndir.
İndiki yubiley gələcəyə baxış üçün strateji fürsət yaratdı. 100 il əvvəl müəyyənləşdirilmiş istiqamətlər – ortaq əlifba, terminoloji birlik, elmi əməkdaşlıq və mədəni inteqrasiya – bu gün daha geniş miqyasda həyata keçirilir. Beləliklə, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi keçmişə ehtiram, bu günə məsuliyyət və gələcəyə inamın ifadəsidir. Bu, həm tarixi yaddaşın möhkəmləndirilməsi, həm də Türk dünyasının elmi-mədəni birliyinin daha da gücləndirilməsi baxımından mühüm mərhələ oldu.
– AMEA yubiley çərçivəsində hansı işləri həyata keçirmişdir?
– Azərbaycan Milli Elmlər Akademiyası Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə geniş və çoxşaxəli fəaliyyət proqramı hazırlanmışdır. Bu tədbirlər həm elmi-tədqiqat, həm nəşriyyat, həm də maarifləndirici istiqamətləri əhatə etmişdir.
Akademiyada və onun elmi müəssisələrində beynəlxalq və respublika səviyyəli elmi konfranslar, simpoziumlar və dəyirmi masalar təşkil olunmuşdur. Bu tədbirlərdə Birinci Türkoloji Qurultayın tarixi rolu, qəbul edilmiş qərarların sonrakı yüzillikdə türkologiyanın inkişafına təsiri, müasir mərhələdə Türk dünyasının inteqrasiya prosesləri və ortaq əlifba məsələləri geniş şəkildə müzakirə edilmişdir. Xarici ölkələrdən alimlərin iştirakı bu yubileyə beynəlxalq elmi xarakter qazandırmışdır.
Fundamental və elmi-populyar nəşrlər hazırlanaraq çap edilmişdir. AMEA-nın “Elm” nəşriyyatında akademik Nizami Cəfərovun “Türklər Birinci Türkoloji Qurultayda” monoqrafiyası nəşr olunmuş, Qurultayın ideyaları və tarixi əhəmiyyəti elmi əsaslarla təhlil edilmişdir. Bu nəşr yubileyin elmi salnaməsi kimi xüsusi əhəmiyyət daşıyır.
Ən mühüm hadisələrdən biri – ortaq türk əlifbası ilə nəşr olunan “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyasının işıq üzü görməsidir. Bu kitab yeni qəbul olunmuş 34 hərfli latın qrafikalı ortaq türk əlifbasının praktik tətbiqinin ilk nümunəsidir. Antologiyada Azərbaycan və müxtəlif türk xalqlarının poeziya nümunələri həm orijinal dildə, həm də ortaq əlifba ilə təqdim olunaraq ədəbi və mədəni birliyin real modelini ortaya qoymuşdur.
Hesab edirəm ki, Fəlsəfə və Sosiologiya İnstitutunda yaratdığımız “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”, Tarix və Etnologiya İnstitutundakı “Türk xalqlarının tarixi və etnoqrafiyası”, Memarlıq və İncəsənət İnstitutunda təsis etdiyimiz “Türk sənət tarixi və mədəni irsi” şöbəsinin fəaliyyətə başlaması Birinci Türkoloji Qurultayın idealları ilə səsləşir və gələcəyə baxışı diqqətə çatdırır.
Bundan əlavə, Akademiyanın elmi müəssisələrində arxiv materiallarının araşdırılması, Qurultayla bağlı sənədlərin və mənbələrin yenidən nəşri istiqamətində işlər görülmüşdür. Tədqiqatçılar tərəfindən Qurultayın qərarlarının müasir kontekstdə şərhi və elmi təhlili aparılmışdır.
AMEA-nın həyata keçirdiyi tədbirlər yubileyin formal xarakter daşımadığını, real elmi nəticələrə və praktik addımlara çevrildiyini göstərir. Bu işlər Birinci Türkoloji Qurultayın ideyalarının müasir mərhələdə davam etdirilməsinə və Türk dünyasının elmi-mədəni inteqrasiyasının gücləndirilməsinə mühüm töhfədir.
– Ortaq əlifba məsələsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Ortaq əlifba məsələsi sadəcə texniki və ya yazı qaydaları ilə bağlı məsələ kimi qiymətləndirilməməlidir; bu, eyni zamanda, Türk dünyasında mədəni, elmi və ədəbi inteqrasiyanın simvolu və strateji vasitəsidir. Latın qrafikalı ortaq əlifbanın qəbul edilməsi Türk xalqlarının tarixən ortaq dil köklərinə malik olduğunu təsdiqləyir və bu köklərin müasir dövrdə praktik şəkildə qorunmasına xidmət edir.
Ortaq əlifba qarşılıqlı anlaşmanı xeyli asanlaşdırır. Türk dünyasının müxtəlif ölkələrində yaşayan insanlar və alimlər mətni oxuyub anlaya biləcək, informasiya və bilik mübadiləsi sürətlənəcək. Bu, təkcə elmi sahədə deyil, ədəbiyyat, media, təhsil və mədəniyyət sahələrində də geniş imkanlar yaradır. Məsələn, ortaq əlifba sayəsində müxtəlif türk ölkələrinin şair və yazıçılarının əsərləri daha geniş oxucu auditoriyasına çatdırıla, tərcümə və adaptasiya prosesləri sadələşdirilə bilər.
Ortaq əlifba bir növ mədəni inteqrasiyanın təməl daşıdır. Türk dünyasının müxtəlif bölgələrində fərqli dialektlər və yazı sistemləri mövcuddur, lakin ortaq əlifba bu mədəni müxtəlifliyi bir araya gətirən vasitədir. Latın qrafikalı əlifba bütün türk ölkələrində elmi standartları və ədəbi dil vahidliyini təmin etmək üçün universal platforma yaradır. Bu, eyni zamanda, gənc nəsillərin milli və ümumtürk dəyərlərinə bağlılığını gücləndirir, mədəniyyətlərarası körpü rolunu oynayır.
Ortaq əlifbanın qəbulu Birinci Türkoloji Qurultayın ideyalarının müasir dövrdə reallaşmasının ən bariz nümunəsidir. 100 il əvvəl Qurultayda müzakirə olunan əlifba və dil məsələləri bu gün konkret praktiki nəticələrə çevrilmişdir. Bu, həm tarixi ardıcıllığın, həm də ideya davamlılığının göstəricisidir. Eyni zamanda, bu addım Türk dünyasında birgə elmi layihələr, ortaq terminologiya, tədris proqramları və ədəbi antologiyalar kimi layihələrin gerçəkləşməsini də təmin edir.
Nəticədə, ortaq əlifba yalnız yazı sistemi deyil, həm də birliyimizin, ortaq mədəniyyətimizin və elmi əməkdaşlığımızın simvoludur. Bu qərar Türk dünyasında əlaqələri möhkəmləndirir, milli kimliklər arasında qarşılıqlı anlaşmanı gücləndirir və həm tarixi, həm də müasir baxımdan mühüm əhəmiyyət daşıyır.
– Sonda Türkoloji Qurultayın dərsləri haqqında nə demək istərdiniz?
– Birinci Türkoloji Qurultayın ən mühüm dərsi təkcə tarixi hadisələrin öyrənilməsi deyil, həm də birlik, elmi həmrəylik və mədəni inteqrasiyanın əhəmiyyətini göstərməsidir. Qurultay 100 il əvvəl Türk dünyasının müxtəlif bölgələrindən gələn alimləri, yazıçılar və ziyalıları bir araya gətirərək ortaq problemləri müzakirə, ortaq qərarlar qəbul etməyə və gələcəyə yönəlmiş strateji addımlar atmağa imkan yaratmışdır. Bu, göstərdi ki, ortaq məqsədlər ətrafında birləşən xalqlar yalnız elmi və mədəni sahədə deyil, həm də siyasi və sosial sahələrdə daha güclü olur.
Tarix sübut edir ki, türk xalqları arasındakı elmi və mədəni əməkdaşlıq inkişafın əsas amillərindən biridir. Qurultayın dərsləri bu gün də aktualdır: ortaq dil, ortaq əlifba, ədəbi və mədəni əlaqələr, elmi əməkdaşlıq və ortaq irsin qorunması prinsipləri Türk dünyasının gələcək inkişafını təmin edən baza rolunu oynayır. Bu, həm də milli kimliklərin qorunması və eyni zamanda, ümumtürk mədəniyyətinin möhkəmləndirilməsi üçün strateji platformadır.
Bu gün bizim vəzifəmiz Qurultayın ideyalarını yeni mərhələdə davam etdirməkdir. Ortaq əlifba təşəbbüsləri, ədəbi antologiyalar, beynəlxalq konfranslar, elmi layihələr və gənc nəsillərin türkoloji araşdırmalara cəlb olunması bu dərslərin praktik reallaşmasıdır. Yəni Qurultayın elmi və mədəni prinsipləri yalnız tarixi yaddaşda qalmayıb, müasir dövrdə konkret fəaliyyətlər və nəticələrlə yaşayır.
Qısaca desək, Qurultayın dərsləri birlik, elmi əməkdaşlıq, mədəni həmrəylik və ortaq gələcəyi formalaşdırmaq bacarığıdır. Bu ideyaların davam etdirilməsi, Türk dünyasının intellektual, mədəni və elmi birliyinin möhkəmləndirilməsi istiqamətində bizim üçün əsas strateji vəzifədir. AMEA bu istiqamətdə fəaliyyətini qətiyyətlə davam etdirir və Qurultayın ideyalarını müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirir.
– Yubileyin yüksək səviyyədə qeyd edilməsində AMEA-nın kollektivinə uğur diləyirik.
Müsahibəni apardı: 

Namiq Qədimoğlu 
XQ

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr