AZ

Həbsdə olan şəxslər yaxın qohumları ilə videogörüş keçirə bilər

Həbs edilmiş şəxslərin yaxın qohumları ilə videogörüş keçirmək hüququnun təsbit olunması təklif edilir.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunda həbs edilmiş şəxslərin bu qanunla nəzərdə tutulmuş qaydada və hallarda yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə videogörüş keçirmək hüququnun təsbit olunması təklif edilir.

Həmçinin, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin Ombudsmana əlçatanlığının təmin edilməsi və hüquqlarının daha etibarlı müdafiəsinin təşkili məqsədilə Ombudsmanın Çağrı Mərkəzi ilə əlaqə saxlamaları üçün onlara əlavə telefon danışığı hüququnun qanunvericiliklə təsbit edilməsi məqbul sayılır.

Bununla yanaşı, cəza çəkdikləri müəssisələrdə cərimə təcridxanasına keçirilən məhkumların bu səbəbdən telefon danışığı hüququnun məhdudlaşdırılması və ailə üzvlərinin bununla bağlı məlumatlarının olmaması ilə əlaqədar yaranan narahatlıqların aradan qaldırılması məqsədilə barəsində belə intizam tənbehi tətbiq edilən şəxslərin yaxınlarına məlumat verilməsi ilə bağlı müddəanın qanunvericiliklə müəyyən edilməsi və Penitensiar Xidmətin Qaynar Xəttinin bu istiqamətdə effektiv fəaliyyətinin təmin edilməsi məqsədəuyğun hesab edilir./Trend.Az

Milli.Az

Seçilən
3
6
milli.az

7Mənbələr