AZ

Rusiyada 24 il əvvəl qayınatasını qətlə yetirən azərbaycanlının cəzası yüngülləşdirildi

Şirvan Apellyasiya Məhkəməsində Rusiyanın Sankt-Peterburq şəhərində 2002-ci ildə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşının atasını qətlə yetirməkdə təqsirləndirilən Lənkəran sakini Kamran Həbibovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələrindən cinayətin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif olunub və o, cinayətin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


İttihama görə, Kamran İlyas oğlu Həbibov 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək orada yaşamağa başlayıb. Daha sonra həmin şəhərdə Natalya Fasiy adlı Rusiya vətəndaşı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olublar. Bu münasibətdən onların övladları da dünyaya gəlib.


İttihamda qeyd olunub ki, 2022-ci ildə Kamran Həbibovun Natalyanın qardaşı Ruslan Fasiylə mübahisəsi yaşanıb. Bu zaman Ruslan ona çubuqla xəsarət yetirib. Kamran qisas almaq üçün onların evinə yollanıb. Orada qeyri-rəsmi nikahda olduğu Natalyanın atası Aleksey Fasiylə mübahisə edib. Kamran Məmmədov mübahisə zamanı Aleksey Fasiyə bıçaqla xəsarət yetirərək öldürüb.


Kamran Həbibov hadisədən sonra Azərbaycana qayıdıb. O, uzun müddət axtarışda olub, 9 dekabr 2024-cü ildə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib.


O, məhkəmədə təqsirsiz olduğunu, Aleksey Fasiyi qətlə yetirmədiyini bildirib.


Kamran Həbibov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Kamran Həbibov 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

 

Kamal Məmmədov 

Tarix: 27 Fevral 2026, 10:00   
Seçilən
47
pravda.az

1Mənbələr