AZ

Tanışını söhbətə müdaxilə etdiyinə görə öldürmək istəyən sərxoş gəncin cəzası azaldıldı

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ömər Tahirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Ömər Tahirovun əməli Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilib və ona təqsirli bilindiyi həmin maddə ilə 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.


İttihama əsasən, hadisə 26 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində yerləşən “Dostluq” kafesində baş verib. 2001-ci il təvəllüdlü Ömər Tahirov həmin vaxt kafedə spirtli içki qəbul edib və istintaqa məlum olmayan dərəcədə sərxoş vəziyyətdə olub.


Materiallara görə, o, tanışı, zərərçəkmiş Davud Əkbərli (adı, soyadı şərtidir) ilə söhbət etdiyi zaman orada olan digər şəxs – S.S. (adı, soyadı şərtidir) söhbətə müdaxilə edib. Bu zaman tərəflər arasında gərginlik yaranıb. S.S.-in kobud cavab verməsi zərərçəkmiş şəxsin irad bildirməsi ilə nəticələnib və mübahisə daha da dərinləşib.


İttihamda göstərilir ki, yaranmış mübahisə zəminində Ömər heç bir əsaslı səbəb olmadan Davudu öldürmək qərarına gəlib və üzərində olan bıçağı çıxarıb və qəsdən zərərçəkmiş şəxsin qarın boşluğuna, habelə döş qəfəsinin sol nahiyəsinə iki dəfə zərbə vurub.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən, diafraqmanı və mədə dibini zədələyən kəsilmiş-deşilmiş yara, sol tərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması), travmatik hemorragik şokun I dərəcəsi, həmçinin qarnın sol yan nahiyəsinin qarın boşluğuna nüfuz edən və böyük piyliyi zədələyən digər kəsilmiş-deşilmiş yara kimi həyat üçün təhlükəli, sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirilib.


Hadisə zamanı kafedə olan şəxslər təqsirləndirilən şəxsin zərərçəkmişə əlavə bıçaq zərbələri endirməsinin qarşısını alıblar. Davud dərhal xəstəxanaya çatdırılıb və göstərilən ilkin tibbi yardım nəticəsində onun həyatı xilas edilib. Bu səbəbdən Ömər öz iradəsindən asılı olmayan hallara görə niyyətini başa çatdıra bilməyib.


Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə tövsif olunub və məhkəmə tərəfindən təqsirli bilinib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ömər Tahirova 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

 

Kamal Məmmədov 

Tarix: 27 Fevral 2026, 10:10   
Seçilən
0
pravda.az

1Mənbələr