Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və operativliyin artırılması, vahid informasiya bazasının formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirmək məqsədilə “e-budget.maliyye.gov.az” (Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yeni portal dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən institusional və rəqəmsal islahatların tərkib hissəsi olmaqla, dövlət və icmal büdcələrə dair məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını və idarə olunmasını təmin edir.
Elektron Büdcə Bələdçisi vasitəsilə büdcə siyasətinin prinsipləri, büdcə prosesi, qanunvericilik, icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, gəlir və xərcləri, dövlət büdcəsinin funksional və iqtisadi təsnifatlar üzrə xərcləri, büdcə proqramları və digər əsas maliyyə göstəriciləri, eləcə də dövlət borcu və borcun idarə edilməsi ilə bağlı xərclər strukturlaşdırılmış və anlaşılan formada təqdim olunur. Sistemə inteqrasiya olunmuş analitik və vizual alətlər büdcə göstəricilərinin izlənilməsinə, müqayisəli təhlillərin aparılmasına və məlumatların qrafik formada təqdim edilməsinə imkan yaradır.
Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan portal büdcə məlumatlarına çıxış imkanlarının genişləndirilməsi, büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən son dövrlərdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Bu təşəbbüs, eyni zamanda, Azərbaycan Respublikasında rəqəmsal dövlət maliyyəsi modelinin formalaşdırılmasına və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə yönəlmiş mühüm addımdır.