AZ

Xarkovda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ukraynanın Xarkov şəhərində Azərbaycan Respublikasının fəxri konsulluğunun təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Xarkov Regional Hərbi Administrasiyasının nümayəndələri, Azərbaycan diasporunun üzvləri, şəhər ictimaiyyəti, məcburi köçkünlər və İmam Əli məscidinin axundu Kamil Ələsgərov iştirak ediblər. Onlar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirib və günahsız Xocalı sakinlərinin xatirəsini ehtiramla yad ediblər.

Anım tədbiri tematik fotosərgiyə baxışla başlayıb. Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib. Daha sonra tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Milli Radioelektronika Universitetinin elmi və pedaqoji işlər üzrə prorektoru, professor və Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov, Beynəlxalq İslam İncəsənəti və Mədəniyyəti Mərkəzinin sədri Ağamirzə Nuriyev iştirakçılar qarşısında çıxış ediblər.

Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən məşum gecə Azərbaycan xalqının tarixində dərin iz buraxıb, sözlə ifadə olunmayan ağrı və itki simvoluna çevrilib. Həmin dövrdə SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan separatçı silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı törədib. Bu qanlı hadisələrdə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan öldürülüb, mindən çox azərbaycanlı yaralanıb, 1275 sakin əsir götürülüb. İtkin düşənlərin bir çoxunun taleyi hələ də məlum deyil.

Tədbir Xocalı faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr