AZ

Pakistan Kabula və Əfqanıstanın bir neçə şəhərinə aviazərbələr endirib

İslamabad Taliban mövqelərinin məhv edildiyini bildirir, Kabil isə mülki obyektlərin vurulduğunu iddia edir...

Poliqon xəbər verir ki, Al Jazeera telekanalının məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın bir neçə şəhərinə, o cümlədən paytaxt Kabula aviazərbələr endirib. Şahidlərin sözlərinə görə, ötən gecə paytaxtda bir neçə dəfə güclü partlayış səsləri eşidilib.

İslamabad rəsmiləri əməliyyat nəticəsində Taliban hərəkatına məxsus 27 mövqenin məhv edildiyini, daha 9 mövqenin isə ələ keçirildiyini açıqlayıblar. Pakistan tərəfi həmçinin 133 əfqan hərbçisinin öldürüldüyünü, 200-dən çox şəxsin yaralandığını iddia edir. Geo News telekanalı isə Pakistan aviasiyasının Nanqarhar vilayətində iri sursat anbarını hədəfə aldığını bildirib.

Bundan əvvəl Taliban Pakistanın hücumlarına cavab olaraq sərhədyanı əyalətlərdə hücum xarakterli hərbi əməliyyata başladığını elan etmişdi. Əfqan tərəfinin məlumatına görə, silahlı qüvvələr sərhəd boyu bir hərbi bazanı və 19 nəzarət-keçid məntəqəsini ələ keçirib, 55 pakistanlı hərbçini zərərsizləşdirib. İki gün əvvəl sərhəd zonasında silahlı toqquşmalar baş verib və tərəflər bir-birini eskalasiyada günahlandırıblar.

Həftəsonu da Pakistan Əfqanıstan ərazisinə zərbələr endirib. İslamabad azı 80 silahlının məhv edildiyini açıqlasa da, Kabil zərbələrin dini məktəbə və yaşayış evlərinə dəydiyini, yalnız Nanqarharda azı 17 nəfərin həlak olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin payızında Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra tərəflər atəşkəs barədə razılığa gəlmişdilər. Lakin son hadisələr bu razılaşmanın pozulduğunu göstərir.

İslamabad Kabulu Pakistan ərazisində hücumlar törədən silahlı qruplaşmalara qarşı yetərli tədbir görməməkdə ittiham edir. Taliban hökuməti isə bu ittihamları rədd edir.

Əfqanıstan və Pakistan arasında sərhəd mübahisəsi 1947-ci ildən, Pakistanın Britaniya Hindistanının bölünməsindən sonra müstəqillik qazanmasından bəri davam edir. İki ölkə arasındakı sərhəd 1893-cü il razılaşması ilə müəyyən edilən və uzunluğu 2,6 min kilometr olan Dyurand xətti boyunca uzanır. Kabil bu xətti müstəmləkə dövrünün sərhədi hesab edir və Əfqanıstanın tarixi puştun ərazilərinin bir hissəsini ondan ayırdığını bildirir. İndiyədək heç bir əfqan hökuməti Dyurand xəttini rəsmi şəkildə tanımayıb.

Analitiklər hesab edirlər ki, qarşılıqlı aviazərbələr və sərhəd toqquşmaları regionda genişmiqyaslı hərbi qarşıdurma riskini artırır və humanitar vəziyyətin pisləşməsinə səbəb ola bilər.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr