Media sadəcə xəbər ötürən mexanizm deyil. Media – cəmiyyətin yaddaşıdır. O, bu gün baş verəni sabaha daşıyan körpüdür. Yazılan hər cümlə, yayımlanan hər süjet zamanın arxivinə düşür və gələcək nəsillər məhz o arxiv vasitəsilə bizim dövrümüzü anlayacaq.
Newscenter.az xəbər verir ki, bunları Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri David Seliverstov deyib. O bildirib ki, Azərbaycan mediası mürəkkəb mərhələdən keçir:
"İnformasiya bolluğu dövründə ən çətin məsələ xəbəri yaymaq deyil, həqiqəti qorumaqdır. Sürət artdıqca məsuliyyət də artır. Çünki bir başlıq cəmiyyətdə etimad yarada da bilər, xaos da.
Media azadlığı vacibdir. Amma azadlıq məsuliyyətsizlik demək deyil. Tənqid inkişafın mühərrikidir, lakin qərəz dağıdıcıdır. Peşəkarlıq isə emosiyadan üstün dayanmalıdır. Jurnalist sözün gücünü bilməli, amma o gücdən sui-istifadə etməməlidir".
Mərkəz rəhbəri qeyd edib ki, rəqəmsal platformalar medianın sərhədlərini dəyişib. İndi hər kəs informasiya yaymaq imkanına malikdir:
"Bu isə klassik jurnalistikanın rolunu daha da artırır: faktı yoxlamaq, balansı qorumaq, konteksti itirməmək.
Media ictimai etimad üzərində qurulur. Etimad itəndə auditoriya azalır, amma daha təhlükəlisi – cəmiyyətin informasiya dayağı zəifləyir. Ona görə də obyektivlik təkcə peşə prinsipi deyil, milli təhlükəsizlik elementidir".
David Seliverstovun sözlərinə görə, Azərbaycan mediasının gücü onun milli maraqları qorumaqla yanaşı, eyni zamanda universal jurnalistika standartlarına sadiq qalmasındadır:
"Dövlətçiliklə peşəkarlıq arasında tarazlıq tapmaq asan deyil, amma məhz bu balans medianı yetkin edir.
Söz silah da ola bilər, körpü də. Hansı olacağı isə onu işlədənlərin vicdanından asılıdır.
Çünki sonda media yalnız xəbər yaymır. Media cəmiyyətin düşüncə istiqamətini formalaşdırır. Güclü media — güclü dövlət deməkdir".
]
Süleyman