Pilotsuz aparat USS Abraham Lincoln gəmisinin olduğu istiqamətə doğru hərəkət edib...
Poliqon xəbər verir ki, aviasiya izləmə resursu Flightradar24 məlumatlarına əsasən, İranın pilotsuz uçuş aparatı cümə günü Ərəb dənizində ABŞ-nin USS Abraham Lincoln aviadaşıyıcısının yerləşdiyi ərazi üzərində növbəti uçuş həyata keçirib.
Məlumata görə, pilotsuz aparat İranın cənub-şərqindən havaya qalxaraq əvvəlcə Oman körfəzi üzərindən uçub, daha sonra Oman sahillərinin şərqinə doğru Ərəb dənizi istiqamətində hərəkət edib. Uçuş trayektoriyası ABŞ hərbi gəmisinin dislokasiya olunduğu zona ilə üst-üstə düşüb.
Avropa Yer Müşahidə peyki Sentinel-2nin son görüntülərinə əsasən, USS Abraham Lincoln Ərəb dənizində, İran sahillərindən təxminən 780 kilometr, Oman sahilində yerləşən Dukm şəhərindən isə 250 kilometr cənub-şərqdə hərəkət edir.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı, CENTCOM daha əvvəl bildirmişdi ki, fevralın 3-də ABŞ-nin F-35C qırıcısı aviadaşıyıcıya yaxınlaşan İranın Şahed-139 tipli pilotsuz aparatını vuraraq məhv edib.
Hərbi müşahidəçilər qeyd edirlər ki, bölgədə bu cür qarşılıqlı fəaliyyətlər gərginliyin artdığını göstərir və tərəflər arasında mümkün insident riskini yüksəldir. Ərəb dənizi və Oman körfəzi son aylarda ABŞ ilə İran arasında hərbi manevrlərin və qarşılıqlı siqnalların intensivləşdiyi əsas məkanlardan biri kimi qiymətləndirilir.
Poliqon.info