ABŞ ilə İran arasında Cenevrədə keçirilən danışıqlardan sonra ABŞ-nin vitse-prezidenti Cey Di Vens (J.D. Vance) “Washington Post” qəzetinə açıqlama verib. 1news.az xəbər verir ki, Vens İranla bağlı məsələyə münasibət bildirərək Prezident Donald Trampın bu istiqamətdə hələ yekun qərar vermədiyini deyib. Onun sözlərinə görə, mümkün variantlar sırasında həm hərbi zərbələr, həm də diplomatik həll yolları nəzərdən keçirilir. Vens ehtimal olunan hərbi əməliyyatdan sonrakı mərhələni də dəyərləndirərək bildirib ki, “Yaxın Şərqdə illərlə davam edəcək və sonu görünməyən bir müharibənin içində olacağımız ehtimalı yoxdur”. O qeyd edib ki, “Keçmişdə buraxılmış səhvləri təkrarlamamaq lazımdır. Lakin keçmişin dərslərindən həddindən artıq nəticə çıxarmaqdan da çəkinməliyik. Bir prezident hərbi münaqişəni uğursuz idarə edib deyə, bu, o demək deyil ki, biz bir daha hərbi qarşıdurmaya girə bilmərik”. Özünü xarici hərbi müdaxilələrə şübhə ilə yanaşan siyasətçi kimi gördüyünü deyən Vens əlavə edib ki, bu yanaşma Donald Trampa da aiddir. “Düşünürəm ki, hamımız diplomatik variantı üstün tuturuq. Ancaq bu, iranlıların nə edəcəyindən və nə deyəcəyindən asılıdır”, – deyə o vurğulayıb.