AZ

Vətəndaş cəmiyyəti milli maraqların keşiyində

Hər il fevralın 27-də qeyd olunan Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Günü vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə diqqəti artırmaq, onların sosial, humanitar və hüquqi təşəbbüslərini təşviq etmək məqsədi daşıyır. 
QHT-lər dövlətlə cəmiyyət arasında körpü rolunu oynayaraq sosial ədalətin, insan hüquqlarının, inklüziv inkişafın və ictimai iştirakçılığın təmin olunmasında mühüm funksiyalar yerinə yetirirlər. Onların fəaliyyəti yoxsulluğun azaldılması, ətraf mühitin qorunması, gender bərabərliyi, səhiyyə, təhsil və humanitar yardım kimi geniş sahələri əhatə edir. Bu baxımdan QHT-lər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına da real töhfələr verirlər.
Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının formalaşması müstəqillik dövründə yeni mərhələyə qədəm qoymuşdur. 1995-ci ildə qəbul edilmiş Konstitusiya birləşmək azadlığını təsbit edərək QHT-lərin hüquqi əsaslarını müəyyənləşdirmişdir. Sonrakı illərdə qanunvericilik bazası təkmilləşdirilmiş, dövlət–QHT münasibətlərində institusional mexanizmlər formalaşdırılmışdır.
Bu sahədə mühüm addımlardan biri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması olmuşdur. Hazırda həmin qurum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi kimi fəaliyyət göstərərək QHT-lərin layihələrinin maliyyələşdirilməsi, institusional inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dəstək verir.
Azərbaycan QHT-ləri xüsusilə postmünaqişə dövründə humanitar təşəbbüslər, mina təhlükəsinə qarşı maarifləndirmə, sosial reabilitasiya proqramları həyata keçirirlər. Eyni zamanda, milli maraqların beynəlxalq platformalarda müdafiəsində və ictimai diplomatiyanın gücləndirilməsində onların rolu artmaqdadır.
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı qanunvericilik və Dövlət proqramları ilə məhdudlaşmır; bu sahədə ictimai təşəbbüslər və xeyriyyəçilik ənənələri də mühüm rol oynayır. Xüsusilə sosial və humanitar layihələrin miqyası göstərir ki, ölkədə QHT mühiti çoxşaxəli tərəfdaşlıq modeli əsasında formalaşır və inkişaf edir. İctimai nüfuzu və geniş fəaliyyət coğrafiyası ilə seçilən Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi diqqətəlayiqdir. Fondun reallaşdırdığı layihələr və əməkdaşlıq münasibətləri vətəndaş cəmiyyətinin institusional potensialının möhkəmlənməsinə və sosial həmrəyliyin güclənməsinə xidmət edən mühüm amillərdən biri kimi qiymətləndirilə bilər.
Müasir dövrdə qlobal çağırışların miqyası genişləndikcə, vətəndaş cəmiyyətinin rolu daha da aktuallaşır. Sosial ədalət, ictimai nəzarət, humanitar həmrəylik və inklüziv inkişaf prinsipləri yalnız dövlət siyasəti ilə deyil, eyni zamanda, fəal ictimai təşəbbüslər vasitəsilə möhkəmlənir. Qeyri-hökumət təşkilatları bu baxımdan cəmiyyətin təşəbbüs enerjisini təşkilatlanmış gücə çevirən mühüm platformadır.
Azərbaycanda formalaşan dövlət–QHT tərəfdaşlığı modeli göstərir ki, vətəndaş cəmiyyəti institutlarının institusional inkişafı ölkənin ümumi inkişaf strategiyasının tərkib hissəsidir. 

Nurəngiz ADİLQIZI 
XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr