AZ

Baş ağrısı üçün nə içmək lazımdır? - vəziyyəti yüngülləşdirən 7 çay

Bitki çayları ağrını azaltmağa, iltihabı və baş ağrısının səbəb olduğu ürəkbulanmanı yüngülləşdirməyə kömək edən xüsusiyyətlərə malikdir...

Poliqon xəbər verir ki, bu barədə Verywellhealth nəşrində dərc olunan və məzmunu əczaçı-həkim Li Veddl tərəfindən yoxlanılmış məqalədə bildirilir.

Nəşr belə 7 çayın adını açıqlayıb.

Zəncəfil çayı

2021-ci ildə ScienceDirect jurnalında dərc olunan araşdırma göstərib ki, zəncəfil ekstraktının qəbulu miqren və digər simptomları tutmadan iki saat sonra azaldır. Qeyd olunur ki, zəncəfil antioksidantdır və ağrıya səbəb ola bilən iltihabi immun reaksiyanı zəiflədir.

Zəncəfil çayı hamiləlik və ya kimyaterapiya ilə bağlı ürəkbulanma və qusma zamanı tez-tez tövsiyə olunur. Nəşrin yazdığına görə, baş ağrısı ilə əlaqəli ürəkbulanma zamanı da faydalı ola bilər.

Çobanyastığı çayı

2021-ci ildə ScienceDirect-də dərc olunan araşdırmanın nəticələrinə əsasən, çobanyastığının bəzi birləşmələri iltihabı azaldır və bu, baş ağrısına kömək edə bilər.

Digər tədqiqatlar göstərib ki, bu çay təşviş və depressiya hallarında da faydalıdır. Həmin hallar isə baş ağrısına səbəb ola bilər.

Söyüd qabığı çayı

Materialda bildirilir: "Söyüd qabığı 3500 ildən çoxdur ki, dünyada ağrıkəsici vasitə kimi istifadə olunur. O, orqanizmdə salisil turşusuna çevrilən salisin maddəsini ehtiva edir – bu isə ağrı və şişkinliyi azaldan dərmanların aktiv tərkib hissəsidir".

Araşdırmalar göstərib ki, söyüd qabığı osteoartritlə əlaqəli xroniki bel və oynaq ağrılarında təsirli ola bilər. Lakin baş ağrısı zamanı faydasına dair birbaşa sübutlar azdır.

Piretrum (qızçiçəyi) çayı

Alimlərin fikrincə, piretrum (Pyrethrum) bitkisinin ekstraktı və çayı qan dövranını yaxşılaşdıraraq miqrenlə mübarizəyə kömək edə bilər.

Nəşrdə qeyd olunur ki, bu bitkinin çayının müntəzəm qəbulu miqren tutmalarının qarşısını ala bilər. Nəticələr birmənalı olmasa da, bir neçə araşdırma tutmaların sayının və simptomların şiddətinin azaldığını göstərib.

Qərənfil çayı

İndoneziya mənşəli ağacın qurudulmuş çiçək tumurcuqları çaya ədviyyəli və ətirli dad verir. ScienceDirect-də 2014-cü ildə dərc olunan araşdırmaya görə, qərənfilin tərkibindəki birləşmələr iltihabəleyhinə və antinosiseptiv xüsusiyyətlərə malikdir, yəni ağrının qavranılması ilə bağlı sinir yollarına və beyin sahələrinə təsir göstərir.

Məqalədə qeyd olunur ki, qərənfil ekstraktı ilə aparılan aromaterapiya əməliyyatdan sonrakı baş ağrılarını yüngülləşdirə bilər.

Lavanda çayı

Məlumatlara görə, lavanda ekstraktı və çayı təşviş və depressiyanı azalda, həmçinin yuxu keyfiyyətini yaxşılaşdıra bilər.

Birbaşa olaraq lavanda çayının baş ağrısını aradan qaldırmasına dair sübutlar azdır. Lakin bu bitki ilə aparılan aromaterapiyanın miqrenin qarşısını almaqda effektiv ola biləcəyi bildirilir. Bir araşdırmada üç ay davam edən müntəzəm müalicə nəticəsində miqren tutmalarının tezliyi və intensivliyi azalıb.

Nanə çayı

Bir çox insan nanəni həzm problemləri, qıcıqlanmış bağırsaq sindromu, əzələ gərginliyi, ürəkbulanma və baş ağrısı zamanı istifadə edir.

Nəşr yazır ki, nanə çayının birbaşa baş ağrısını azaltdığını təsdiqləyən araşdırmalar yoxdur, lakin ekstraktlar təsirli ola bilər. Alimlər müəyyən ediblər ki, miqren zamanı burun inhalyatoru vasitəsilə qəbul edilən nanə yağı lidokain qədər effektiv olub.

Digər araşdırmalar göstərib ki, nanə yağının gicgah nahiyəsinə çəkilməsi gərginlik tipli baş ağrısını yüngülləşdirə bilər.

Bitki çayları təhlükəsizdirmi?

Müəllifin sözlərinə görə, bitki çaylarının qəbulu adətən təhlükəsizdir. Lakin bəzi insanlar üçün risklər mövcud ola bilər. Buna görə də baş ağrısı zamanı bitki çayı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Mümkün risklər

– Zəncəfil bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər.
– Çobanyastığı qan durulaşdırıcı və sakitləşdirici preparatlarla qarşılıqlı təsir göstərə bilər.
– Söyüd qabığı uşaqlar, hamilə və süd verən qadınlar üçün təhlükəli ola bilər. O, xüsusilə aspirinə allergiyası olanlarda qanaxma riskini artıra bilər.
– Piretrum hamiləlik və laktasiya dövründə tövsiyə edilmir. Ambroziyaya qarşı allergiyası olanlarda yan təsirlər yarada və bəzi dərmanların, o cümlədən miqren əleyhinə vasitələrin təsirinə müdaxilə edə bilər.
– Qərənfilin daxilə qəbulu uşaqlar və böyüklər üçün beynəlxalq səviyyədə təhlükəsiz hesab olunur, lakin yerli tətbiq yan təsir verə bilər.
– Lavandanın riskləri barədə məlumat azdır, buna görə hamilə və süd verən qadınlar istifadəni həkimlə müzakirə etməlidirlər.
– Nanə uşaqlar və böyüklər üçün təhlükəsiz sayılır. Hamiləlik və laktasiya dövründə də ehtimalən təhlükəsizdir, lakin əlavə araşdırmalara ehtiyac var.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr