AZ

Madurodan sonra yeni skandal: Gəmi sərhədi keçdi, bayrağa görə atışma başladı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Karib hövzəsində gərginlik yenidən artmaqdadır. Fevralın 25-də ABŞ bayrağı altında üzən bir gəminin Kubanın ərazi sularına daxil olaraq atəş açması barədə yayılan məlumatlar regionda ciddi rezonans doğurub.

ABŞ Dövlət katibi Marko Rubio insidentin rəsmi Vaşinqtonun əməliyyatı olmadığını bəyan etsə də, hadisənin xarakteri və zamanlaması suallar doğurur. Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu ələ keçirilməsindən sonra növbəti hədəfin Kuba ola biləcəyinə dair fikir səsləndirmişdi.

ABŞ bayrağı altında üzən gəminin hərəkətləri fərdi təşəbbüs, təxribat, yoxsa daha mürəkkəb strateji oyunun tərkib hissəsidir?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, baş verən hadisə doğrudan da təsadüf ola bilər:

“Bu, ABŞ-ın hər hansı hərbi əməliyyatı deyil. Çünki həmin ərazidə Kuba ilə ABŞ arasında Meksika körfəzi yerləşir. Xüsusilə Florida istiqamətində çox sayda şəxsi yaxtalar mövcuddur. Ola bilər ki, dövlətə aid olmayan hər hansı bir yaxta səhvən Kubanın ərazi sularına daxil olub.

Kuba tərəfinin səsləndirdiyi məlumata görə, guya onlara qarşı tərəfdən atəş açılıb. Baxmayaraq ki, gəmi ABŞ bayrağı altında üzürmüş. Prinsipcə həmin ərazidəki əksər gəmi və yaxtalar ABŞ bayrağı ilə üzür. Çünki ABŞ vətəndaşlarına məxsusdur. Bu baxımdan hesab edirəm ki, hadisə heç də hazırlanmış əməliyyat deyil. Tamamilə təsadüf olduğu fikrində əminliklə qalıram.

Murad Sadəddinov

O ki qaldı Kuba–ABŞ münasibətlərinin həmişə pis olmasına, heç də belə deyil. Vaxtilə Kubada ABŞ investorlarının kifayət qədər çox mülkiyyəti var idi. İnqilabdan sonra onların hamısı milliləşdirildi. O zaman ABŞ ilə Kuba arasında münasibətlər ciddi şəkildə pozuldu. Kuba SSRİ-nin sosializm quruluşu xəttini tutdu. Bu da ABŞ üçün qəbul edilməz idi. ABŞ Kubaya qarşı bir çox əməliyyatlar keçirib. Hətta məşhur Donuzlar körfəzi hücumu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmışdı. Lakin əməliyyat Vaşinqton üçün çox pis nəticələndi. Sonda ABŞ Senatı qərar qəbul etdi ki, Kubaya qarşı hər hansı bir əməliyyat keçirilməsin.

Amma bu gün Donald Trampın Qərb yarımkürəsində ABŞ-ın tam dominantlığını təmin etməyə çalışdığını görürük. Biz bunu Venesuelada müşahidə etdik. Demək olar ki, o regionda ABŞ-ın siyasətinə mənfi yanaşan yeganə ölkə Kubadır. Tramp bu istiqamətdə müəyyən tədbirlər görür. İnanmıram ki, ABŞ Kubaya qarşı hərbi əməliyyat keçirsin.”

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr