Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"TikTok" sosial platformasında talışları təhqir edən şəxsi oğurlayaraq işgəncə verməkdə ittiham olunan dəstə üzvlərindən biri olan Elnur Alışovun məhkəməsi yekunlaşıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Murtuzəli Abbasov müdafiə çıxışı edərək müvəkkilinin müstəntiq tərəfindən qərəzli şəkildə bu işə cəlb edildiyini bildirib. Vəkilin sözlərinə görə, anten məlumatları təsir edir ki, təqsirləndirilən şəxs həmin ərazidə yox, işi ilə bağlı müxtəlif ərazilərdə olub və zərərçəkmiş və şahidlər də məhkəmə istintaqı dövründə onu tanımadıqlarını bildiriblər. Buna görə də, təqsirləndirilən şəxsə bəraət hökmü çıxarılmalıdır.
Təqsirləndirilən şəxs son söz deyərək, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, məhkəmə istintaqı dövründə bu cinayət işində Elnur Alışov iştirakı ilə bağlı heç bir sübut təsdiqini tapmadığına görə ona bəraət hökmü verilib.
Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev isə məhkəməyə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, ayrıca icraatda olan cinayət işində təqsirləndirilən dəstənin digər üzvləri - Şücayət Rzayev 10 il, Səlim Əliyev 8 il 6 ay, Samir Hüseynov 8 il 6 ay, Müştəba Əliyev 8 il 6 ay, Təbriz Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslərdən Murad Rzayev və Əhməd Əzizov isə 2 il olmaqla şərti cəza verilib.
Elnur Alışova qarşı Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 133.2.1 (Əzab vermə - iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham irəli sürülmüşdü.
Orxan Rasifoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.