AZ

Banklar əhaliyə yanvarda nağd $136 mln. satıblar – bu illik 54% azalmadır

Azərbaycanda bankların əhali ilə nağd valyuta konvertasiyasında  9 ayda ilk dəfə əhali tərəfə dollar axını olub, lakin bu rəqəm çox cüzidir.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin yanvarında banklar əhaliyə nağd 135.6 milyon ABŞ dolları satdığı halda, onlardan cəmi 124.9 milyon dollar alıblar.

Bu da illik müqayisədə bankların nağd valyuta satışların 54%, alışlarının isə 8% azalması deməkdir.

Nəticədə yanvarda banklardan əhali tərəfə nağd xalis 10.1 mln. dollar axın olub.

Bununla belə, illərdir Azərbaycanda bu ilin ilk ayında nağd dollar axını banklardan əhali tərəfə olsa da, sonrakı aylarda bu axın əks istiqamətdə dönür.

Keçən il ümumilikdə banklardan əhaliyə  1 milyard 767 milyon dollar satıldığı halda, əhalidən 2 milyard 85.2 milyon dollar almışdılar ki, bu da son illərdə ilk dəfə il olaraq əhalidən banklara doğru 318 mln. dollar axınına səbəb olmuşdu.

Azərbaycan Mərkəzi Bankı son iclasda bildirir ki, valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 mlrd. ABŞ dollarını üstələyib. Mərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Yanvarda dollar/manat üzrə orta konvertasiya məzənnəsi 1.6988 olmaqla rəsmi 1.7 məzənnəsindən aşağı olub. Beləliklə, 2022-ci ilin martından bu tərəfə orta konvertasiya məzənnəsi rəsmi 1.7 məzənnəni aşa bilmir.

Mərkəzi Bankın sədri Taleh Kazımov fevral iclasında valyuta bazarı ilə bağlı suallara cavab olaraq qeyd edib ki, ötən il ərzində ümumilikdə valyuta təklifi tələbi üstələmişdir. Aylıq orta göstəricilərə əsasən, təklif təxminən 70 milyon ABŞ dolları, tələb isə 54 milyon ABŞ dolları səviyyəsində olmuşdu.

Seçilən
10
banker.az

1Mənbələr