AZ

Dövlət hər bir vətəndaşa PUL VERƏCƏK – Azərbaycanda da olacaq?

Monqolustanın ən iri dövlət kömür şirkəti olan Erdenes Tavan Tolgoi (ETT) ölkə vətəndaşlarına dividend ödənişi edəcəyini açıqlayıb. Şirkət rəhbərliyinin qərarına əsasən, hər bir vətəndaşa təxminən 18 ABŞ dolları məbləğində vəsait köçürüləcək. Bu qərar Monqolustanda təbii sərvətlərin milli pay prinsipi əsasında bölüşdürülməsi modelinin növbəti mərhələsi kimi qiymətləndirilir.

Şirkət rəsmilərinin bildirdiyinə görə, Monqolustanın bütün vətəndaşları ETT-nin səhmdarları hesab olunur. 2012-ci ildə şirkətin səhmlərinin müəyyən hissəsi təxminən 2,5 milyon vətəndaş arasında bölüşdürülmüşdü. Həmin dövrdə bu addım ölkənin zəngin kömür ehtiyatlarının birbaşa xalqın mülkiyyətində olması ideyasına əsaslanırdı. Nəticədə şirkət mənfəət əldə etdikcə, bu gəlirin bir hissəsi dividend formasında vətəndaşlara qaytarılır.

ETT 2008-ci ildə Monqolustan hökuməti tərəfindən yaradılıb və hazırda ölkənin ən böyük kömür ixracatçısıdır. Xüsusilə Çin bazarına ixrac olunan kömür Monqolustan iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Şirkətin mənfəət göstəriciləri artdıqca dividend ödənişləri də gündəmə gəlir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərovun fikrincə, bu modelin hüquqi əsası səhmdarlıq münasibətlərinə dayanır.

Natiq Ələsgərov

Onum sözlərinə görə, burada dövlət şirkəti formal olaraq səhmdar cəmiyyət kimi fəaliyyət göstərir və vətəndaşlara səhmlər təqdim olunubsa, mənfəətin bölüşdürülməsi hüquqi baxımdan mümkündür:

“Əgər vətəndaş şirkətin səhmdarıdırsa və onun adına səhmlər rəsmiləşdirilibsə, o zaman dividend almaq hüququ yaranır. Bu artıq sosial yardım deyil, mülki hüquq münasibətlərindən irəli gələn gəlirdir. Monqolustanda tətbiq edilən model dövlət mülkiyyətində olan təbii sərvətlərin səhmləşdirilərək əhali arasında paylanmasına əsaslanır”.

Ekspert qeyd edib ki, bu mexanizm klassik sosial ödənişdən fərqlənir:

“Burada dövlət büdcəsindən birbaşa vəsait ayrılmır, şirkətin xalis mənfəəti bölüşdürülür. Bu isə iqtisadi baxımdan davamlılıq üçün vacib şərtdir”.

Bəs Azərbaycanda da belə bir model mümkündürmü?

Natiq Ələsgərovun sözlərinə görə, Azərbaycanda təbii sərvətlər – neft və qaz ehtiyatları Konstitusiyaya əsasən dövlətə məxsusdur və onların idarə olunması dövlət qurumları vasitəsilə həyata keçirilir:

“Neft gəlirləri əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondu vasitəsilə toplanır və dövlət büdcəsinə transfert edilir. Bu vəsaitlər infrastruktur layihələrinə, sosial xərclərə, müdafiə və digər istiqamətlərə yönəldilir.

Hazırkı modeldə vətəndaşların dövlət enerji şirkətlərində birbaşa səhmdar kimi paya malik olması nəzərdə tutulmur. Məsələn, SOCAR tam şəkildə dövlətə məxsusdur və səhmləri açıq dövriyyədə deyil. Buna görə də Monqolustandakı kimi birbaşa dividend mexanizmi tətbiq edilmir.

Nəzəri baxımdan Azərbaycanda da belə bir model tətbiq oluna bilər, lakin bunun üçün ciddi qanunvericilik dəyişiklikləri tələb olunur. Əgər dövlət şirkətlərinin səhmlərinin müəyyən hissəsi vətəndaşlara paylansa və ya açıq səhmdar cəmiyyət formasına keçirilsə, o zaman dividend mexanizmi hüquqi baxımdan mümkün olar.

Lakin bu, həm iqtisadi strategiya, həm də milli təhlükəsizlik və enerji siyasəti baxımından geniş müzakirə tələb edən məsələdir. Yəni Azərbaycanda təbii sərvət gəlirləri artıq dolayısı ilə sosial proqramlar, pensiyalar, maaş artımları və dövlət investisiyaları vasitəsilə vətəndaşlara çatdırılır. Monqolustandakı model isə birbaşa pul ödənişi formasında həyata keçirilir”.

Tunar
NOCOMMENT.az

Seçilən
32
nocomment.az

1Mənbələr