AZ

AMB rəsmisi: "Kreditlə bağlı qərarlarda subyektivlik azalacaq" - MÜSAHİBƏ

Azərbaycanda kredit qoyuluşunun institusional çərçivəsinin gücləndirilməsi istiqamətində mühüm addım hesab olunan "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırda müzakirə mərhələsindədir. Sənəd real sektorda şəffaflığın artırılması, kredit risklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və investorların qərarvermə prosesində daha dolğun informasiya ilə təmin olunmasını hədəfləyir.

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva "Far.Az"a müsahibəsində yeni qanunun məqsədləri, kredit bazarına gözlənilən təsirləri, banklar və KOB-lar üçün yaradacağı imkanlar, eləcə də sənədin hazırkı statusu barədə sualları cavablandırıb:

- "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsinin əsas məqsədləri nələrdir?

- Bu qanun layihəsinin əsas məqsədləri kimi müqafiq agentliklərin yaradılması üçün hüquqi əsasın formalaşdırılması, real sektorda şəffaflıq səviyyəsinin artırılması və informasiya asimmetriyasının azaldılması məqsədilə kredit riskinin obyektiv və standart metodologiya əsasında qiymətləndirilməsi və açıqlanmasının təmin edilməsi, investorların qərarvermə prosesi çərçivəsində məlumatın tam və obyektiv olmasının təmin edilməsi çıxış edir. Kredit reytinqi agentliyinin yaradılması nəticəsində sahibkarlıq subyektlərinin risklərinin düzgün qiymətləndirilməsi və bu subyektlərin maliyyə resurslarına çıxışın artması gözlənilir.

- Layihə çərçivəsində hansı qurumlar kredit reytinq agentliyi statusu ala biləcəklər?

- Qanun layihəsinə əsasən kredit reytinq agentliyi statusunu minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmaqla reytinq fəaliyyətini həyata keçirən, AMB-nin apardığı Kredit reytinqi agentliklərinin reyestrinə daxil edilmiş kommersiya hüquqi şəxsi ala biləcək.

- Agentliklərin fəaliyyətinə kim nəzarət edəcək – bu səlahiyyət AMB-yə məxsus olacaqmı?

- Bəli, "Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda nəzərdə tutulmuş dəyişikliklərə əsasən, kredit reytinqi agentliyinin AMB-nin nəzarət subyekti olması nəzərdə tutulur.

- Reytinq agentliklərinin yaradılması kredit bazarına hansı yenilikləri gətirəcək?

- Kredit reytinq agentliklərinin yaradılması kredit bazarında şəffaflığın və etibarlılığın artmasına xidmət edəcək. Belə ki, müvafiq agentliklərin yaradılması nəticəsində kredit risklərinin obyektiv qiymətləndirilməsinin təmin olunması, məlumat asimmetriyasının azalması və investisiya qərarlarının qəbulunda informasiya təminatının güclənməsi gözlənilir. Nəticədə biznes subyektlərinin yerli və xarici kapital bazarlarına çıxış imkanlarının artması, kapital bazarlarının dərinləşməsi və investorların hüquqlarının daha etibarlı şəkildə qorunması təmin ediləcək.

- Bu mexanizm banklar və sahibkarlar (xüsusilə KOB-lar) üçün hansı üstünlükləri təmin edəcək?

- Kredit reytinq agentliyinin yaradılması və fəaliyyəti Basel III çərçivəsində Standartlaşdırılmış yanaşmanın daha effektiv tətbiqinə imkan yaradır. Belə ki, bu mexanizm banklara risklərin daha dəqiq ölçülməsi, kapitalın daha optimal hesablanması və reytinqi olan aktivlər üzrə daha uyğun risk çəkilərini tətbiq etmək imkanı verir. Nəticə etibari ilə isə biznes subyektlərinin, xüsusilə KOB-ların maliyyə resurslarına çıxışı genişlənəcək.

- Qanun layihəsinin qəbulunun hansı mərhələdə olması (razılaşdırma, ekspertiza və s.) barədə məlumat verə bilərsinizmi?

- Hazırda qanun layihəsi ilə bağlı ilkin razılaşdırma mərhələsində aidiyyəti qurumlardan alınan rəylər əsasında AMB-nin mövqeyinin formalaşdırılması prosesi davam edir.

- Layihənin icrası üçün təxmini vaxt cədvəli müəyyən olunubmu?

- AMB aidiyyəti qurumların da rəylərini nəzərə almaqla yekun layihəni təqdim etməyi cari il üçün nəzərdə tutur.

Seçilən
0
far.az

1Mənbələr