AZ

"İkiüzlü siyasət yürüdən, erməni şovinizmini himayə edən dairələr fəaliyyətlərini davam etdirirlər"

"Xocalı soyqırımı yanaşmamızın tarixi səhifəsidir. Xocalı soyqırımını biz bu gün alnıaçıq, başıuca qeyd edirik və dünən Xocalı soyqırımı günü cənab prezidentimizin Xocalıya səfəri, möhtəşəm memorial abidə kompleksinin açılışında iştirakı və oradakı çıxışı ədalətin təmin olunduğunu bir daha dünyaya bəyan etdi".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

O əlavə etdi ki, qəhrəmanlarımızın sayəsində Xocalı soyqırımını biz mənəvi terrora məruz qalmış xalq kimi qeyd edirdik:

"Düşmənlər hesab edirdilər ki, Azərbaycan xalqı diz çökəcək, məğlubiyyətlə barışacaq. Ancaq Xocalı bizim milli əzmimizi və qürurumuzu daha da gücləndirdi, biz birləşdik. Liderimizin rəhbərliyi altında biz tarixi missiyanı şərəflə başa vurduq. Xocalı soyqırımı baş verən vaxt - 90-cı illərin əvvəllərində dünyada paralel soyqırımlar da baş verirdi. Məsəl üçün, qeyd olunduğu kimi, Balkanlarda müharibələr zamanı Bosniyada və Srebrenitsa ətrafında soyqırım törədildi, minlərlə, on minlərlə bosniyalı müsəlman məhv edildi. Ruandada bir neçə ay ərzində bir milyon insan qətlə yetirildi. Bu soyqırımlardan sonra BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal və Ruanda üzrə Beynəlxalq Tribunal təşkil edildi. Biz də gözləyirdik ki, haqq-ədalət öz yerini tapacaq, eyni hökm Xocalı soyqırımı ilə bağlı da BMT-də və beynəlxalq ictimaiyyətdə qəbul ediləcək. Ancaq təəssüf ki, nəinki beynəlxalq tribunal yaxud başqa qurumlar yaradıldı, hətta BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi kağız üzərində qaldı, heç kim onu icra etməyə cürət etmədi.

Biz özümüz Prezidentimizin liderliyi altında BMT qərarlarını və qətnamələrini icra etdik. Bir neçə gün bundan öncə Bakıda başa çatan məhkəmələrdə canilərə layiqincə cəza verildi, onlar haqqında müvafiq hökm çıxarıldı. Və burada absurd bir məqamı qeyd etmək lazımdır ki, Bakı məhkəməsindən sonra Avropa Parlamentində Ermənistanı və erməni şovinizmini himayə edən bəzi dairələr Bakı məhkəməsinin qərarına qarşı çıxaraq həmin canilərin azadlığa buraxılmasına çağıran bəyanatlar səsləndirdilər. Bu, çox absurd bir məsələdir. Təsəvvür edin ki, Nürnberq tribunalında məhkum edilmiş faşist Almaniyasının canilərinin azadlığa buraxılması ilə bağlı kimsə çağırış etsin. Yəni bu qədər ikiüzlü siyasət yürüdən, erməni şovinizmini himayə edən dairələr fəaliyyətlərini davam etdirirlər. Ancaq biz, öz dediyimiz kimi, liderimizin rəhbərliyi altında missiyamızı başa vurmuşuq. Ədalət həmişə təmin olunur. Haqq və ədalətin qalib gəlməsi gecikə bilər, ancaq mütləq öz yerini tapır".

Nuriyyə NATİQQIZI

Seçilən
8
2
redaktor.az

3Mənbələr