AZ

“Azərbaycan artıq yeni geosiyasi mərhələyə qədəm qoyub” - Zahid Oruc

Sovet dövründə bu vətənin milli bütövlüyünü və qalibiyyətini simvollaşdıran məkanlar zamanla böyük sınaqlardan keçdi. Bu gün isə Prezident İlham Əliyev dünyaya səslənərək Azərbaycanın artıq yeni geosiyasi mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı son 35 ildə baş verən qlobal dəyişiklikləri müqayisəli şəkildə görmək imkanı yaranıb: “Həm Balkanlarda, həm də Cənubi Qafqazda eyni dövrdə başlayan müharibələr fonunda qalib dövlət kimi çıxış edən yeganə ölkə Azərbaycandır. Keçmiş Yuqoslaviyada baş verən qanlı savaşlar Balkanlarda yeni dövlətlərin yaranması ilə nəticələndi. ‘Kosovo modeli’nin Qarabağa tətbiq edilməsi cəhdləri də olmuşdu”.

Zahid Oruc vurğulayıb ki, Avropanın iki müxtəlif hissəsində oxşar ssenarilər – xarici müdaxilələr və geosiyasi manipulyasiyalar müşahidə olunsa da, Cənubi Qafqazda Azərbaycan tarixin axarını dəyişdi: “Uzun illər ‘dondurulmuş münaqişə’ kimi təqdim edilən prosesə son qoyuldu və yeni geosiyasi reallıqlar formalaşdı. Bu gün regionun siyasi xəritəsi artıq fərqli məzmun daşıyır”.

Deputat qeyd edib ki, tarix boyu region müxtəlif təzyiqlərə məruz qalıb: “XX əsrin əvvəllərində ABŞ Prezidenti Woodrow Wilson tərəfindən irəli sürülən xəritə təşəbbüsləri regionda yeni siyasi konfiqurasiya yaratmaq məqsədi daşıyırdı. Lakin bu gün Qarabağ məsələsi Azərbaycanın suverenliyi çərçivəsində həll olunub və beynəlxalq müstəvidə ölkəmizin mövqeyi qəbul edilir”.

Onun sözlərinə görə, dövlət strateji baxışla hərəkət etməlidir: “Ermənistanla iqtisadi münasibətlərin formalaşması yalnız ticarət prizmasından deyil, həm də regionun xarici asılılıqlardan xilas olunması baxımından qiymətləndirilməlidir. Əgər region real inteqrasiyaya nail olsa və kommunikasiyalar açılsa, kənar güclərin müdaxiləsinə ehtiyac qalmaz”.

Deputat əlavə edib ki, Cənubi Qafqazın uzun illər münaqişə meydanına çevrilməsi regionun inkişafını ləngidib: “Dünyanın müxtəlif nöqtələrində, o cümlədən Pakistan-Əfqanıstan xəttində baş verən qarşıdurmalar göstərir ki, yerləşdiyimiz coğrafiya böyük risklərlə üz-üzədir”.

Zahid Oruc bildirib ki, əsas mesaj ondan ibarətdir ki, Azərbaycan artıq qurban deyil: “Ölkəmiz öz taleyini özü müəyyən edir, regionda təşəbbüskar aktora çevrilib və hətta Ermənistanın gələcək inkişaf istiqamətinə təsir göstərə biləcək mövqedədir. Güclü dövlət olmaq təkcə torpaqları qorumaq deyil, həm də regionda sabitlik və əməkdaşlıq mühiti yaratmaq deməkdir”.

Deputat vurğulayıb ki, xalqları sülhə və barışa hazırlamaq zəruridir və yalnız qarşılıqlı etimad və əməkdaşlıq Cənubi Qafqazda davamlı təhlükəsizliyi təmin edə bilər.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
8
sia.az

1Mənbələr