Albaniyanın paytaxtı Tiranada keçirilən beynəlxalq yarışda gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Rəşid Babazadəyə (65 kq) final qarşılaşmasında qabırğa zədəsi və təcrübəsizlik mane olub.
“Muhamet Malo”da gümüş mükafata sahib çıxan yığma üzvü ilk dəfə reytinq turnirinə qatıldığını xatırladıb.
“Demək olar ki, böyüklər arasındakı yarışda elə də təcrübəm yoxdur. Buna baxmayaraq, özümə inanırdım. Yarışda güclü idmançılar var idi. Dünyanın ən güclü güləşçiləri bu turnirə gəlmişdilər. 65 kq-da tanınmış simalar var idi. Yer aldığım qrupda ABŞ-ni təmsil edən azərbaycanlı güləşçi Vitali Orucov da mübarizə aparırdı. Yarımfinalda ona qalib gəldim. Finaldakı rəqibim çox güclü idi. Buna baxmayaraq, özümə inanırdım. Amma müəyyən səbəblərə görə öz güləşimi sərgiləyə bilmədim. Qabırğamın əzik olması və bir qədər də təcrübəsizlik rol oynadı”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
R.Babazadə finalda etdiyi səhvləri aradan qaldırmaq istədiyini deyib:
“Bu səhvlərin üzərində çalışacağam. Avropa çempionatına maksimum hazırlıqlı yollanmaq istəyirəm”.