ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident cənab İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı Azərbaycanın tarixi yaddaşına, dövlətçilik iradəsinə və təmin olunmuş ədalət prinsipinə verilən siyasi-hüquqi qiymət kimi mühüm əhəmiyyət daşıyır.
İki il əvvəl təməli qoyulan Memorialın məhz Xocalı şəhərində açılması dövlət başçısının ifadə etdiyi kimi, ədalətin təntənəsi və tarixi həqiqətin öz ünvanına qayıdışıdır. Dövlət başçısı çıxışında Xocalı soyqırımını Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bütövlükdə insanlığa qarşı törədilmiş qanlı cinayət kimi səciyyələndirdi və bu cinayətə görə məsuliyyətin Ermənistanın üzərində olduğunu bir daha bəyan etdi.
1992-ci ilin fevralında bir gecə ərzində 600-dən çox mülki şəxsin, o cümlədən 106 qadının və 63 uşağın xüsusi qəddarlıqla qətlə yetirilməsi, yüzlərlə insanın itkin düşməsi XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə yazılıb. Prezident İlham Əliyev vurğuladı ki, bu faciə heç vaxt unudulmamalı, onun siyasi və hüquqi qiyməti daim gündəmdə saxlanılmalıdır. Çıxışda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən sistemli fəaliyyətə də geniş yer verildi. Qeyd olundu ki, Heydər Əliyev Fondu yarandığı ilk gündən etibarən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start vermiş, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə silsilə tədbirlər, konfranslar, təqdimatlar təşkil edilmiş, nəşrlər hazırlanmışdır. Bu məqsədyönlü fəaliyyət nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanımışdır və bu proses davam etdirilir. Bu, Azərbaycanın prinsipial və ardıcıl diplomatik xəttinin mühüm nəticəsidir. Prezident cənab İlham Əliyev ədalətin təmin olunması prosesini mərhələli şəkildə xarakterizə etdi. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə, Xocalının və digər ərazilərin azad olunması, eləcə də müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması vahid strateji xəttin tərkib hissəsi kimi təqdim olundu.
Dövlət başçısının sözləri ilə desək, “ədaləti biz özümüz təmin etdik”. Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrin peşəkarlığı və dövlətin qətiyyətli siyasəti nəticəsində həm ərazi bütövlüyü və suverenlik tam bərpa edildi, həm də cinayətkarlar məsuliyyətə cəlb olundu. Çıxışda xüsusi vurğulandı ki, 44 günlük Vətən müharibəsi təsadüfi uğur deyil, illərlə aparılmış məqsədyönlü siyasətin nəticəsidir. Güclü iqtisadiyyatın qurulması, müasir və qüdrətli ordunun formalaşdırılması, beynəlxalq hüquqi bazanın möhkəmləndirilməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi Azərbaycanın Qələbəsini şərtləndirən əsas amillər olmuşdur. 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı isə ölkəmizin suverenliyini tam təmin etmiş, qanunsuz silahlı birləşmələr zərərsizləşdirilmiş və separatçılığa son qoyulmuşdur.
Memorial Kompleksin məhz Xocalıda açılması dərin simvolik məna daşıyır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, layihə əvvəlcədən hazır olsa da, onun azad edilmiş Xocalı torpağında inşa olunması tarixi ədalətin tam bərpasının göstəricisidir. Bu Kompleks xalqımızın silinməz yaddaşının, əyilməz ruhunun və milli ləyaqətinin təcəssümüdür. Dövlət başçısı çıxışında bir daha vurğuladı ki, Azərbaycan heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə sadiq qalıb. Bu amil ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib. Şəhidlərin qisasının döyüş meydanında alındığını bildirən Prezident İlham Əliyev onların xatirəsinin daim əziz tutulacağını qeyd etdi. Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycanın müasir tarixində mühüm hadisə olmaqla yanaşı, dövlətin gücünün, xalqın birliyinin və tarixi ədalətin bərpasının rəmzidir.
Bu gün Azərbaycan güclü, suveren və öz təhlükəsizliyini təmin edən dövlətdir. Xocalı faciəsi unudulmur və unudulmayacaq. Dövlətimizin siyasəti ondan ibarətdir ki, belə faciələr bir daha təkrarlanmasın və ölkəmiz daim sülh, sabitlik və inkişaf yolunda irəliləsin.
Tahir Mirkişili
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.