AZ

Mehdiyev və Kərimlinin fəaliyyəti Azərbaycanın milli təhlükəsizliyinə qarşı təhdiddir



Azərbaycanın siyasi həyatında xüsusilə də son dövrlərdə baş verən hadisələr dərin təhlil tələb edir. Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq materialları, Əli Kərimli və Ramiz Mehdiyevin fəaliyyətini daha da aydınlaşdıraraq, Azərbaycanın milli maraqlarına olan zərərli təsirləri bir daha göz önünə sərir. Görünən odur ki, bu iki fiqur arasında qurulan qeyri-rəsmi əməkdaşlıq təkcə şəxsi maraqlara əsaslanmır. Faktlar onların ölkənin milli maraqlarını satmaqdan belə çəkinmədiyini ortaya qoyur.

İllərdir ki, Əli Kərimli və Ramiz Mehdiyev Azərbaycan siyasi mühitində iki tamamilə fərqli fiqur kimi təqdim olunurdu. Kərimli, özünü müxalifətin demokratik və Qərbyönlü nümayəndəsi kimi təqdim edərək, Avroatlantik inteqrasiya çağırışları edirdi. Ramiz Mehdiyev isə postsovet idarəçilik sisteminin təmsilçisi və ölkənin idarəçilik strukturunun mühüm elementlərindən biri olaraq, hər zaman mühafizəkar mövqeyində dayanaraq, ölkəni öz sisteminin təməlində saxlamağa çalışdı.

Amma, istintaq materialları bu iki fiqurun arasındakı fərqliliyin maska olduğunu sübut etməklə yanaşı, onların bir-birilərini tamamlayan iki üz olduğunu sübut etdi. Kərimli və Mehdiyev arasındakı əməkdaşlıq yalnız daxili siyasi maraqlar üçün deyil, həm də Azərbaycanın xarici siyasətinə və milli təhlükəsizliyinə qarşı atılmış bir addımdır. Bu əməkdaşlıq, heç də təsadüfi bir əlaqə deyil, əksinə, xaricdən gələn sifariş əsasında qurulmuş, dövlətin müstəqilliyini və xalqın iradəsini təhdid edən bir strateji layihədir.
Əli Kərimlinin rəhbərlik etdiyi “Milli Şura”nın yaradılması, bu əməkdaşlığın əsas və ən açıq göstəricilərindən biridir. Bu struktur, ilk başlarda yalnız bir müxalifət koalisiyası kimi təqdim olunsa da, əslində Azərbaycanın daxili siyasətinə xarici güclərin müdaxiləsi məqsədi ilə qurulmuşdur. Kərimli və onun tərəfdarları, Milli Şura vasitəsilə yalnız daxili hakimiyyəti dəyişdirmək niyyətində deyildilər. Onlar, öz siyasi məqsədlərinə çatmaq üçün xarici dövlətlərin, xüsusən də Rusiyanın dəstəyinə arxalanırdılar. Artıq heç kimə sirr deyil ki, Kərimli, Qərbin və demokratik dəyərlərin “dəstəyi” ilə hərəkət edərkən, eyni zamanda Rusiyanın geosiyasi maraqlarını təbliğ edən bir fiqur olaraq çıxış edib. Bu, Azərbaycanın suverenliyinə qarşı bir zərbədir, çünki xarici güclərin siyasi maraqlarına xidmət edən bir layihənin arxasında durmaq, milli müstəqilliyə xəyanət deməkdir.
Kərimlinin xarici xüsusi xidmət orqanları ilə əlaqələri, bu prosesin ən təhlükəli tərəfini təşkil edir. Dövlət Təhlükəsizliyi Xidmətinin açıqladığı məlumatlar göstərir ki, Əli Kərimli birbaşa xarici güclərin təsiri altında fəaliyyət göstərib. Bu baxımdan da onun fəlaiyyəti xarici dövlətlərə Azərbaycanın siyasi və iqtisadi sistemini dəyişmək üçün fürsət yaratmaq cəhdi olaraq qəbul edilməlidir.

Ramiz Mehdiyevin adı isə təkcə bu istiqamətdə deyil, eyni zamanda maliyyə cinayətləri ilə də hallanır. İstintaq materialları göstərir ki, Mehdiyev cinayət yolu ilə əldə etdiyi milyonlarla manatın leqallaşdırılması ilə məşğul olub. Bu, yalnız siyasi mübarizə deyil, həm də ölkənin iqtisadi təhlükəsizliyinə qarşı atılan ciddi addımdır. Azərbaycanda iqtisadi və maliyyə sisteminin sabitliyini təhdid etmək, dövlətin daxili işlərinə müdaxilə etmək və dövlətin sərvətlərini xarici güclər üçün əlverişli vəziyyətə gətirmək çox təhlükəlidir. Mehdiyevin bu fəaliyyətləri, ölkə üçün maliyyə cinayəti olmaqla yanaşı, həm də böyük bir siyasi təhdid təşkil edir.

Odur ki, Əli Kərimli və Ramiz Mehdiyevin fəaliyyəti, yalnız siyasi mübarizə deyil, həm də Azərbaycanın milli təhlükəsizliyinə qarşı bir təhdiddir. Onların hərəkətləri xalqı yanıltmağa xidmət edib. Əli Kərimli, özünü xalqın təmsilçisi kimi göstərsə də, əslində onun fəaliyyəti xarici güclərin maraqlarını təmin etmək və Azərbaycanın daxilindəki müstəqil siyasi qərarları zəiflətmək məqsədi güdüb. Bu cür fəaliyyət xalqın iradəsi ilə birbaşa ziddiyyət təşkil edir. Əli Kərimli və Ramiz Mehdiyevin birgə fəaliyyətləri, heç bir halda xalqın mənafeyinə xidmət etmir və təbii ki, bu xəyanət heç vaxt bağışlanmayacaq.
Bu iki fiqurun birgə əməlləri onu sübut edir ki, onlar özləri üçün siyasi və maliyyə maraqlarını ön planda tutaraq, Azərbaycanın milli maraqlarını və xalqının iradəsini təhdid ediblər. Azərbaycan xalqı isə bu xəyanəti bağışlamayacaq, bu fiqurların hərəkətlərinə qarşı hüquqi və siyasi mübarizə davam edəcəkdir. Dövlət Təhlükəsizliyi Xidmətinin ortaya qoyduğu faktlar, hər iki şəxsin siyasətinin yalnız şəxsi maraqlara xidmət etdiyini, Azərbaycan xalqının gələcəyinə təhlükə yaratdığını göstərir. Odur ki, Ramiz Mehdiyev, Əli Kərimli və onlar kimilərə qarşı mübarizə Azərbaycanın dövlət təhlükəsizliyini qorumaq üçün aparılan bir mübarizəyə çevrilməlidir.

Yusif Bağırzadə, politoloq
Seçilən
19
1
newscenter.az

2Mənbələr