GlobalInfo saytına istinadən ain.az xəbər verir.
“Azərbaycanda film istehsalının əsas məsuliyyəti Mədəniyyət Nazirliyinin üzərinə düşür. Halbuki ölkədə kifayət qədər böyük şirkətlər və müxtəlif qurumlar fəaliyyət göstərir. Onlar bir çox layihələrə sponsorluq etsələr də, kino sahəsinə lazımi dəstək göstərmirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Rusiyada filmlərin əhəmiyyətli hissəsi məhz nazirliklərin sifarişi ilə çəkilir:
“Hətta Müdafiə Nazirliyi tərəfindən hərbi mövzulu filmlər hazırlanır və bu sahədə müəyyən rəqabət mühiti formalaşdırılıb.
Bəs niyə bizdə şirkətlər və sponsorlar milli filmlərin çəkilişinə yetərincə vəsait ayırmırlar? Film ölkənin tarixini, mentalitetini, adət-ənənələrini və milli kimliyini dünyaya təqdim edən ən güclü təbliğat vasitələrindən biridir. Azərbaycanın da zəngin tarixi və çoxsaylı qəhrəmanları var. Buna baxmayaraq, Şah İsmayıl, Qacarlar dövləti kimi mövzular haqqında genişmiqyaslı bədii filmlərin çəkilməsi hələ də lazımi səviyyədə deyil. Babək haqqında film çəkilib və uğurlu nümunə sayılır, “Koroğlu” kimi əsərlər də mövcuddur, lakin tarixi şəxsiyyətlərimiz barədə daha sistemli və keyfiyyətli ekran işlərinə ehtiyac var. Koroğlu tarixi qəhrəman deyil.
Filmlərin az çəkilməsinin əsas səbəblərindən biri maliyyə və sponsor dəstəyinin çatışmazlığıdır. Halbuki böyük büdcəli layihələr üçün ölkədə potensial resurslar mövcuddur və düzgün istiqamətləndirmə ilə yüksək səviyyəli tammetrajlı filmlər istehsal etmək mümkündür. Belə filmlər həm milli kino sənayesinin inkişafına, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasına ciddi töhfə verə bilər.
Eyni problem serial sahəsində də hiss olunur. Yerli seriallar hələ istənilən peşəkar səviyyəyə çatmayıb və bunun əsas səbəblərindən biri güclü, peşəkar ssenaristlərin azlığıdır. Keyfiyyətli ssenari bazası formalaşmadan və bu sahəyə sistemli investisiya yatırılmadan, rəqabət qabiliyyətli serial və filmlərin yaranması çətin olaraq qalacaq”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.