"Çox təəssüf ki, sosial şəbəkələrdə vicdan mədəniyyəti yoxdur".
Redaktor.az xəbər verir ki, bu fikiləri deputat Hikmət Babaoğlu “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirdi.
Deputat qeyd etdi ki, mədəniyyət həm də təlim-tərbiyə prosesidir.
"Bu gün çox təəssüf ki, mən təsadüfən musiqi mədəniyyətindən və dil mədəniyyətindən danışmadım. Bu yaxınlarda bir məqalə oxudum, orada psixoloji linqvistikadan bəhs edilirdi. Yəni danışıq tərzinin, səslərin ahənginin, dilin psixologiyada rolu və dil mədəniyyətini formalaşdırması haqqında yeni bir istiqamətin yarandığı qeyd olunurdu. Azərbaycanda daim dil məsələsindən danışırıq və çox haqlı olaraq bu mövzunu aktuallaşdırırıq. Bu günlərdə telekanallardan birində belə bir fikir səsləndirildi ki, guya “mı, mi, mu, mü” sual şəkilçiləri Türkiyədən gəlib. Mən bunu qətiyyən qəbul etmirəm. Necə yəni? Biz “etmirmi?”, “demirmi?”, “gəlirmi?”, “gedirmi?” demirik? Bu şəkilçilər Azərbaycan dili qrammatikasına aid deyilmi? Bunu necə efirdə, efir mədəniyyətini və etik normaları bir kənara qoyaraq, Türkiyədən gələn bir təhlükə kimi təqdim etmək olar? Məncə, bu, ən böyük qəbahətdir".
Nuriyyə NATİQQIZI