Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Səyyad Aran: “Müəllim, nə oldu” sualı həm ironik, həm alleqorik, həm də istehzalı bir ifadəyə çevrilib”
Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü, qocaman deputat Səyyad Aran müsahibə almaq istəyimizə uzun çəkən tərəddüdən sonar razılıq verdi. Görüşəndə bir az jurnalistlərdən, sosial şəbəkələrdən gileyləndi, amma dərhal əlavə elədi ki, peşəkar media ilə işləməyə, danışmağa həvəslidir, həmişə fikirlərini, düşüncələrini rahat şəkildə ifadə edib. Biz də təxminən 1 saat ərzində ölkə gündəmində olan problemlər, onları yaradan səbəblər, çıxış yolları barədə ona suallar ünvanladıq.
Müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik:
– Səyyad müəllim, müsahibə üçün təşəkkür edirəm. Biz mövcud problemlərlə bağlı, vətəndaşların millət vəkillərinə vermək istədiyi sualları ünvanlamaq istəyirik. Mediada seçicilərlə görüşləriniz haqda informasiyalar gedir. Sizə müraciətlər daha çox hansı problemlərlə bağlı olur?
– Daha çox işlə, məşğulluqla bağlı olur. Aydındır ki, indi sovet dövründəki zavodlar, fabriklər, kolxozlar, sovxozlar yoxdur. Sovet dövrünün mühüm bir qaydası da var idi: işsiz adam ola bilməzdi! Vətəndaş haradasa - müəssisədə, təşkilatda, kolxozda, zavodda, fabrikdə işləməli idi. İşləməyənlərə tüfeyli kimi baxırdılar, “cəmiyyətin tüfeyli ünsürləri” deyirdilər…
- Elə o vaxtdan qalıb, Cinayət Məcəlləsində indi də “avaraçılıq” maddəsi var…
- Bəli. Cəmiyyətə faydalı olmayan insanlar qəbul edilmirdi. Amma indi bazar iqtisadiyyatına keçmişik. Bunun müsbət cəhəti odur ki, hər bir insana öz fəaliyyətində azadlıq verir: nə istəyirsən tik, qur, yarat, al, gətir, dükan aç, çoxlu heyvan saxla, onları sat, qazanc əldə et. Bu gün çoxlu mal-mülkü olan adama “bunu haradan qazanmısan, haradan əldə etmisən?” deyən yoxdur. Məsələn, sovet vaxtı müəllimlər yayda Moskvaya və Rusiyanın digər böyük şəhərlərinə gedir, irada öz vəsaitləri hesabına alış-veriş edirdilər. Bizim Azərbaycanda, rayonlarımızda 45–50 rubla aldığımız tuflini orada 27 rubla alırdılar. Təbii ki, burada bir cüt almaqdansa, orada iki cüt alırdılar. Eyni qaydada köynəklər, paltolar və sair geyimlər götürürdülər və geri qayıdırdılar. Dəmir yolu vağzalında milis yaxınlaşıb əşyaları çox olanları şöbəyə aparırdı. Baxırdılar ki, dörd-beş cüt ayaqqabı var – biri qışlıq, biri yazlıq, biri yaylıq və s. Deyirdilər ki, artıq bunu möhtəkirlik məqsədilə almısan. Bu qədər almaq qadağan idi. İndi isə bu yoxdur. Bu, bazar iqtisadiyyatının müsbət tərəfidir. Kimsə bacarır, gedib mal gətirir, satır. Bəzən karqo ilə gətirir, bəzən özü aparıb - gətirir, satır, qazanc əldə edir. Çox vaxt alıcılar qohum-əqrəba olur.
- Bəs dediyiniz bazar iqtisadiyyatında işsizlik yaradan əsas səbəb nədir?
- İşsizlik yaradan, bayaq dediyim kimi, həmin fəaliyyət sahələrinin – zavodların, fabriklərin, kolxozların, sovxozların və sair müəssisələrin olmamasıdır. Keçmişdə bir də təyinat sistemi var idi. Məsələn, bilirik ki, istər müəllimlərin, istərsə də həkimlərin iş yerlərinə təyinatı olurdu. İndi isə bu sistem faktiki olaraq yoxdur. Təyinatın olmaması ucbatından üç ildir ki, İmişli və Saatlıya ya bir nəfər də həkim göndərilmir, ya da göndərilə bilmir. Hətta təyinat olsa belə, bəzi hallarda həmin şəxslər getmirlər. Onlar hansısa yolla diplom alır və ən əsas hədəf xaricə üz tutmaqdır. Şərqi və Qərbi Avropa ölkələrinə, eləcə də keçmiş sosialist respublikalarına gedib orada işləyirlər. Yeri gəlmişkən, bir məqam diqqətimi çəkib: görünür, bizim Tibb Universitetində yaxşı təhsil verilir. Çünki həmin universiteti bitirən gənclərdən kim xaricə gedirsə, qısa müddətdə işlə təmin olunur.
- Orada həm ehtiyac var, həm də maaşlar yüksəkdir…
- Olsa belə əvvəl imtahan götürürlər və görürlər ki, bu gənclər hazırlıqlıdır, biliklidir. Deməli, yaxşı təhsil alıblar. Bu məni sevindirir. Mən bu faktı araşdırmışam: niyə gedirlər? Sizin dediyiniz və cəmiyyətin də bildiyi səbəblərlə yanaşı, bir səbəb də odur ki, bizim gənclər yaxşı təhsil alırlar, yaxşı oxuyurlar, yaxşı öyrənirlər. Ona görə də Polşada, Çexiyada, Slovakiyada, Almaniyada və digər ölkələrdə imtahandan uğurla keçirlər. İmtahansız qəbul etmirlər, amma görürlər ki, hazırlıqlıdırlar və işə götürürlər.
– Səyyad müəllim, elə götürək məşğulluq problemini, siz bunu həm yerli icra hakimiyyəti qarşısında, həm də mərkəzi icra hakimiyyəti orqanları qarşısında qaldırırsınız. Problemlər nə dərəcədə həllini tapır? Deputat müraciət edəndə vətəndaşlara real kömək olunurmu?
– Olur. Bu, əsasən deputatın nüfuzu ilə bağlıdır. Deputatın bir vətəndaşın iş tapmasına göstərdiyi səylə əlaqəlidir. Rayonda müəyyən qədər iş yerləri var. Həmin müəssisələrin rəhbərlərinə bir neçə dəfə müraciət etməklə, israrla məsələni qaldırmaqla müəyyən nəticə əldə etmək olur.
– Yəni əslində iş yerləri var, ora düşmək çətindir…
– Var. Bir məsələni qeyd etmək istəyirəm. Namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarından keçirlər. Nazirliklər boş iş yerlərinə vakansiya elan edirlər, gənclər də qanunun tələbinə uyğun müraciət edirlər. Lakin çox qəribə bir hal var və mən bunun qəti əleyhinəyəm. İkisindən biri olmalıdır: ya DİM imtahanından keçən şəxs birbaşa işə qəbul olunmalıdır, ya da işə qəbul şifahi müsahibə yolu ilə aparılacaqsa, onda ümumiyyətlə imtahan olmasın. Hər bir nazirlik özü müsahibə keçirsin və uyğun bildiyi namizədi seçsin. Çox vaxt 10 boş yerə sənəd verilir, amma onun beşi doldurulur, beşi saxlanılır. Nazirliklər çox zaman öz istədikləri namizədləri seçirlər. Yaxud belə bir qəribə forma tətbiq olunur: vətəndaş Dövlət İmtahan Mərkəzinin dosent və professorlarının hazırladığı imtahandan keçir, amma nazirlikdə yaradılmış müsahibə komissiyasından keçə bilmir. Bu, həqiqətən də anlaşılmaz bir yanaşmadır.
– Bu səbəbdən minlərlə kadr, hansılar ki, baza təhsili yüksəkdir və dövlət qulluğu imtahanında yüksək nəticə göstərir, ehtiyat kadr siyahısında qalır. Çünki nazirlik əvvəlcədən istədiyi namizədi müəyyənləşdirir və digər iddiaçıların real rəqabət imkanı olmur…
– Təəssüf ki, belə hallar olur. Nazirlik istədiyi şəxsi seçir. Mənim istəyim odur ki, imtahandan keçən şəxs sənəd verdiyi boş yer üzrə birbaşa təyinatla işə göndərilməlidir. Əgər vakansiya elan olunubsa və namizəd keçid balını toplayıbsa, o, birbaşa işə qəbul edilməlidir. Məsələn, keçid balı 60-dırsa və şəxs 66 bal toplayıbsa, Dövlət İmtahan Mərkəzi onun biliyini yetərli hesab edir. Amma müsahibə komissiyası deyir ki, bilik yetərli deyil. Bu necə ola bilər?
- Belə çıxır ki, vətəndaş əvvəl orta, sonra ali təhsil alır, daha sonra dövlət qulluğu imtahanından keçir, amma yenə də işlə təmin olunmur. Yəni ixtisaslı kadr olmaq, cəmiyyətə faydalı potensiala malik olmaq hələ işə qəbul olunmaq üçün yetərli deyil. Əsas maneə son mərhələdə – bürokratik prosedurlarda yaranır. Yəni vətəndaşın bu qədər zaman sərf edib əldə etdiyi bilik lazımsız qalır…
– Faktiki olaraq belə çıxır. Amma dediyim kimi, sistemdə aydınlıq olmalıdır: ya imtahandan keçən birbaşa işə başlamalıdır, ya da imtahan ümumiyyətlə ləğv olunmalı və seçim tam şəkildə nazirliklərin müsahibə komissiyalarına həvalə edilməlidir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün də nazirliklərdə kifayət qədər boş yerlər var. Amma eyni zamanda çox sayda insan işsiz qalır. Bu, yolverilməz və dözülməz bir vəziyyətdir.
– Bəs məşğulluqdan başqa sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
– Torpaq mübahisələri ilə bağlı müraciətlər çox olur. Birinə vaxtilə torpaq sahəsi ayrılıb, verilib, amma sonradan kimsə gəlib ona müdaxilə edir. Bu, təbii ki, bir çox hallarda yerli məmurların fəaliyyəti ilə də bağlıdır. Çünki öz maraqları naminə qanunu pozurlar və vətəndaşı, necə deyərlər, dövlətlə yerli icra orqanları arasında çətin vəziyyətdə qoyurlar. Təəssüf ki, vətəndaşların şikayətlərinə hər zaman keyfiyyətli və ciddi şəkildə yanaşılmır. Bəzən hüquq pozuntusu ilə bağlı idarəyə müraciət edilir, amma şikayət qəbul olunmur. Əksinə, vətəndaşa deyilir ki, sən məsuliyyətsizsən, iş bacarmırsan, iş keyfiyyətin aşağıdır və bu bəhanə ilə onu işdən çıxarırlar. Yəni bir söz tapıb həmin vətəndaşın hüquqlarını pozurlar. Belə hallarda vətəndaşın müraciət etdiyi ünvan kim olur?
- Yəqin ki, həm də deputat…
- Bəli. Halbuki deputatın icraedici səlahiyyəti yoxdur. Məsələn, sən idarəyə və ya nazirliyə məktub yazırsan, amma cavab qanunla nəzərdə tutulduğu bir aylıq müddətin ən son günündə göndərilir. Üstəlik, məktubun çatması da bir neçə gün çəkir. Bu müddətdə vətəndaş gözləyir və davamlı olaraq zəng edib soruşur: “Müəllim, nə oldu?” Bu artıq həm ironik, həm alleqorik, həm də istehzalı bir ifadəyə çevrilib. Yəni əlindən bir iş gəlmir… Düzdür, deputat fəaliyyəti haqqında sənəddə qeyd olunur ki, onun əsas vəzifəsi qanun yaradıcılığıdır, o, qanunlarla işləyən şəxsdir. Kiməsə iş tapmaq, kimisə xəstəxanaya yerləşdirmək, kiminsə cibinə pul qoymaq onun birbaşa vəzifəsi deyil. Amma vətəndaş gəlir gözünün içinə baxıb deyir ki, “Anam onkoloji xəstədir, mənə kömək edə bilərsən?” Bu zaman çətin vəziyyətdə qalırsan, bilmirsən nə cavab verəsən…
– Yəni vətəndaş köməksizdir…
– Yox, köməksiz deməzdim. Şəxsən mən çox insana kömək etmişəm. Amma məsələ burasındadır ki, bu, problemin fundamental həlli deyil. Beş vətəndaşın problemi həll oluna bilər, amma yüzlərlə, minlərlə insan eyni problemlə üzləşir və yenə də çıxış yolu axtarır. Sistemli həll olmadıqca, fərdi köməklər ümumi vəziyyəti dəyişmir.
- Bəs vətəndaş nə etməlidir?
- Əgər vətəndaş haqsız yerə işdən çıxarılıbsa, məhkəməyə müraciət etməlidir. Hər hansı təşkilatın rəhbəri onu işdən çıxarıbsa, öz hüququnu məhkəmədə müdafiə etməli və haqqına çatana qədər mübarizə aparmalıdır. Bizdə təəssüf ki, bunu hamı başa düşmür. Axıra qədər mübarizə aparmaq, məhkəməyə müraciət etmək, öz haqlı mövqeyini hüquqi əsaslarla ifadə etmək lazımdır. Elə-belə şikayət məktubu yazmaqla iş həll olunmur. Məktubları vəkillər yazmalıdır. Vəkillər qanunun maddələrinə əsaslanaraq ətraflı və əsaslandırılmış müraciətlər hazırlayırlar. Dünyanın hər yerində bu cür problemləri vəkillər həll edir. Vəkil tutmaq lazımdır.
- Vəkil tutmağa da pul lazımdır…
- Əlbəttə, vətəndaş deyə bilər ki, maddi imkanı yoxdur. Bu, müəyyən hallarda haqlı arqumentdir. Amma yenə də hüquqi mübarizə yolu budur. Deputat isə icraedici şəxs deyil. Deputat sənin şikayətini aidiyyəti quruma çatdıran, bir növ körpü funksiyasını yerinə yetirən ictimai-siyasi xadimdir. Onun əsas işi qanun yaradıcılığıdır.
– Səyyad müəllim, bütün nazirlərin rayonlarda vətəndaş qəbulu qrafiki var. Ayın müəyyən günlərində rayonlara gedib insanlarla görüşüb şikayətlərini dinləyirlər. Təəssüf ki, Bakıda bu imkan yoxdur, çünki nazirlər paytaxtda qəbul keçirmirlər. Halbuki əhalinin böyük hissəsi Bakıda yaşayır. Müşahidəniz necədir, rayonlarda nazirlərə müraciətlər müsbət həllini tapır?
– Güc nazirlərin qəbuluna gələn 10 nəfərdən 8-nin şikayəti həllini tapır. Çünki şikayəti eşidən kimi anlayırlar ki, yerli səviyyədə səlahiyyətli şəxs – istər rəis, istər müstəntiq, istər digər hüquq-mühafizə orqanı nümayəndəsi məsələyə ya qərəzli yanaşıb, ya şəxsi marağı olub, ya da işi süründürüb, ciddi araşdırmayıb. Nazirlik səviyyəsində məsələ öyrənilən kimi dərhal göstəriş verilir və problem həll olunur. Məsələn, iqtisadiyyat sahəsində də müəyyən hallarda operativ müdaxilə olur və haqlı tərəfin hüququ bərpa edilir. Ümumiyyətlə, vətəndaş qəbulunun effektivliyi birbaşa rəhbərin yanaşmasından asılıdır. Bir maraqlı hadisə də danışırlar. Deyilənə görə, nazirlərdən biri yoldan keçərkən bir kənd toyunu görür və palatkaya daxil olur. Əlbəttə, heç kim gözləmir ki, nazir gəlsin, o içəri girəndə hamı təəccüblənir. Nazir isə birbaşa masa arxasına yox, musiqiçilərin yanına keçir, şabaş verir, bir az söhbət edir. Ev sahibi tələsik yaxınlaşıb təşəkkür edir, deyir ki, xəbərim olsaydı, sizi qarşılayardım. Nazir isə cavab verir ki, sadəcə ürəyim istədi, gördüm toy var, gəldim. Sonra soruşur: “Nə çatışmır?” Ev sahibi deyir ki, hər şey qaydasındadır. Deyilənə görə, nazir israr edir, toy sahibinin boynuna nəsə qoyur, tapşırır, sabah həmin dəstək göstərilir…
- Bu, Fövqəladə hallar naziri Kəmaləddin Heydərova xas olan jestə oxşayır…
- Daha kim olduğunu bilmirəm… Belə davranışlar insanlarda dövlətə inam yaradır. Çünki vətəndaş düşünür ki, yüksək vəzifəli şəxs sadə şəkildə gəlib, hamı ilə görüşüb, uşaqların başını sığallayıb, insanların dərdini dinləyib. Bu, dövlətə, hakimiyyətə, rəhbərliyə etimadı artırır. Təəssüf ki, bütün nazirlər bu cür davranmır. Amma vətəndaşla birbaşa təmas, sadəlik və operativ reaksiya həmişə müsbət nəticə verir.
-
(Davamı olacaq)
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.