“Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki çıxışında səsləndirdiyi əsas məqamlardan biri Azərbaycanın artıq 1992-ci ilin zəif və müdafiəsiz dövləti olmaması idi. Bu gün Azərbaycan güclü, özünü müdafiə etməyə qadir və milli maraqlarını təmin edən müstəqil aktora çevrilib”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan MDB məkanında münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlət olub. Yeni dünya düzəninin formalaşdığı bir mərhələdə, regionda artan siyasi çağırışlara baxmayaraq, həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin geosiyasi mövqeyini möhkəmləndirib və Azərbaycanı regional “orta güc” dövlətinə çevirib.
Deputat vurğulayıb ki, əldə olunan uğurlar təkcə hərbi-siyasi müstəvidə deyil, iqtisadi sahədə də özünü aydın şəkildə göstərir. 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artıb. Strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 85 milyard dollara yüksəlib. Bu göstəricilər aparılan iqtisadi islahatların və maliyyə dayanıqlığının real nəticəsidir.
Ölkənin güclənməsi işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesini sürətləndirib. Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda artıq 28 697 nəfər məskunlaşıb ki, bu da 7 154 ailənin yeni evlə təmin olunması deməkdir. 2026-cı ilin ilk iki ayına yaxın müddətdə isə 2 863 keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb və bu dövrdə 646 ailə dövlət tərəfindən mənzillə təmin edilib.
V.Bayramov hesab edir ki, yeni mərhələdə iqtisadi islahatların daha da dərinləşdirilməsi əsas prioritet olacaq. Rəqabət mühitinin gücləndirilməsi, investisiya iqliminin yaxşılaşdırılması, qeyri-rəsmi iqtisadiyyatın azaldılması kimi strateji istiqamətlər inkişaf dinamikasını möhkəmləndirəcək.
Deputatın fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı dövrdə də yeni uğurlara imza atacaq və regional lider mövqeyini daha da gücləndirəcək.
Tahirə Qafarlı