AZ

Ülviyyə Zülfiqar: Şəhərsalma artıq ekoloji deyil, təhlükəsizlik məsələsinə çevrilib

Bakı, 27 fevral, AZƏRTAC

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu qlobal urbanizasiya proseslərinin ən mürəkkəb və məsuliyyətli mərhələsinə təsadüf edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar səsləndirib.

Onun sözlərinə görə, hazırda şəhərlər təkcə yaşayış və iqtisadi fəaliyyət məkanı deyil, eyni zamanda, iqlim təhlükəsizliyi, sosial sabitlik, rəqəmsal transformasiya və geosiyasi rəqabətin əsas platformasına çevrilib. Bu baxımdan forumun Azərbaycanda təşkili həm beynəlxalq etimad göstəricisi, həm də ölkənin inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli hadisədir.

Ü.Zülfiqar qeyd edib ki, müasir dövrdə şəhərsalma məsələsi iqlim dəyişiklikləri ilə birbaşa bağlıdır. “2030-cu ilə qədər dünya əhalisinin əksəriyyətinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Qeyri-rəsmi yaşayış massivləri, sosial təbəqələşmə, əlçatan xidmətlərin çatışmazlığı qlobal gündəmdə mühüm yer tutur. Qlobal karbon emissiyasının böyük hissəsinin şəhərlərin payına düşməsi, sel və istilik dalğaları kimi risklərin artması urban planlaşdırmanı artıq yalnız ekoloji deyil, həm də təhlükəsizlik məsələsinə çevirib.

Siyasi şərhçi vurğulayıb ki, rəqəmsallaşma və “ağıllı şəhər” modelləri yeni imkanlar yaratsa da, paralel olaraq kibertəhlükəsizlik və məlumatların qorunması kimi çağırışlar da aktuallaşır. Bu səbəbdən müasir şəhərsalma yanaşması kompleks və çoxşaxəli strategiya tələb edir.

Ü.Zülfiqarın sözlərinə görə, qlobal çağırışlar fonunda Forumun Bakıda keçirilməsi təsadüfi deyil: “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd”, “yaşıl enerji zonası” və sıfır emissiya prinsiplərinə əsaslanan yeni yaşayış modelləri formalaşdırır. Forum çərçivəsində bu konseptlərin beynəlxalq auditoriyaya təqdim olunması ölkənin dayanıqlı inkişaf strategiyasının nümayişidir”, - deyə siyasi şərhçi vurğulayıb.

O bildirib ki, Azərbaycan son illərdə nəqliyyat, infrastruktur və rəqəmsal idarəetmə sahəsində transformasiya mərhələsi yaşayır. Bu proses şəhərlərin regional logistika və kommunikasiya mərkəzi kimi mövqeyini gücləndirir və ölkəni beynəlxalq iqtisadi platformalarda daha görünən aktora çevirir.

Siyasi şərhçi əlavə edib ki, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın sabitlik və əməkdaşlıq məkanı kimi mövqeyini bir daha dünyaya təqdim edən platformadır. Şəhərsalma sektoru tikinti, nəqliyyat, enerji və rəqəmsal texnologiyalar kimi sahələrlə sıx bağlıdır. Bu baxımdan tədbir potensial investisiya platforması kimi qiymətləndirilə bilər. Xüsusilə yaşıl texnologiyalar və dayanıqlı infrastruktur layihələri beynəlxalq investorların diqqət mərkəzindədir. Forum qlobal urbanizasiya gündəliyində Azərbaycanın fəal iştirakını nümayiş etdirməklə yanaşı, ölkənin regional və beynəlxalq miqyasda artan rolunu da təsdiqləyir.

Seçilən
1
1
azertag.az

2Mənbələr