
Azərbaycan Türk dünyası üçün önəmli bir mərkəzdir.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, elm adamlarının Bakıda bir araya gəlməsi onun tarixi və mədəni baxımdan bütün dünyanın təqdirini qazanan bir məkan olduğunu göstərir: "Bu konfrans təkcə elmi məsələlərin müzakirə edildiyi akademik bir toplantı deyil, eyni zamanda, türk xalqlarının elm, arxeologiya, tarix və mədəniyyət sahələrində ortaq elmi zəmin axtarışının konkret bir təzahürüdür".
Səfir Azərbaycan və Türkiyə münasibətlərindən də bəhs edib. Bildirib ki, Azərbaycan və Türkiyənin gələcəyə yönəlik çox güclü əlaqələri var. İki ölkə arasındakı bağlar yalnız diplomatik və strateji tərəfdaşlıqla məhdudlaşmır. Bu münasibətlər ortaq tarix və mədəniyyət zəminində formalaşır. "Bir millət, iki dövlət" anlayışı sadəcə bir şüar deyil, çox mühüm bir prinsipdir".