Öz mövqeyində Premyer Liqanın ən yaxşılarından olan «Şamaxı»nın qapıçısı Rikardo Fernandes «Neftçi»nin gündəmindədir.
Paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub portuqaliyalı kiperlə şəxsən maraqlanmağa başlayıb.
Ukraynalı mütəxəssis ölkəmizdə ikinci mövsümünü keçirən 31 yaşlı «əlcək sahibi»nin onun diqqətini çəkməsi barədə klub funksionerlərini məlumatlandırıb.
Ötən mövsümdən etibarən «şirlər»in formasını geyinən Rikardonun müqaviləsi iyun ayında başa çatacaq.
«Sabah» ötən ilin yayında onu sıralarına qatmağa çalışsa da, Ayxan Abbasova görə düşərgəni dəyişmək istəməmişdi. Baxmayaraq ki, «bayquşlar»ın təklif etdiyi məbləğ kifayət qədər böyük idi - illik 200 min dollar.
Əgər Vernidub gələn mövsümü də «Neftçi»də keçirəsi olsa və rəsmi təklif göndərilsə, portuqaliyalı əyalət təmsilçisi ilə vidalaşacaq.
Çünki Rikardonu «Şamaxı»da saxlayan qüvvə də artıq yol üstündədir. Abbasov 3 aydan sonra yalnız bir yerdə - millidə işləyəcək, «şirlər»lə müqaviləsinin müddətini uzatmayacaq.
SPORTİNFO.AZ
