AZ

Nitq ləngiməsi nə vaxt ciddi problem sayılır? – Psixoloqdan xəbərdarlıq

Uşağın danışmağa başlaması valideynlər üçün ən həssas və diqqət tələb edən inkişaf mərhələlərindən biridir. Bəzən nitqin yaşıdlarla müqayisədə gec formalaşması ailələrdə narahatlıq yaradır. Mütəxəssislər isə bildirirlər ki, hər gecikmə problem demək deyil, lakin bəzi hallarda bu, diqqətlə izlənilməli bir göstərici ola bilər. Mövzu ilə bağlı psixoloq Leyla Əli Editor.az-a açıqlama verib.

Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, uşaqların nitq inkişafı mərhələli şəkildə formalaşır və hər yaş dövrünün özünəməxsus inkişaf göstəriciləri mövcuddur:

 

“4–5 yaş tamamında uşaqlar bəzi səsləri düzgün tələffüz etməyə bilər. Bu mərhələdə müəyyən artikulyasiya çətinlikləri normal hesab oluna bilər.

Lakin əsas göstərici səslərin düzgün deyilməsi deyil, uşağın fikrini sərbəst, məntiqi və aydın şəkildə ifadə edə bilməsidir.

Əgər 4–5 yaş dövründə uşaq:
• Fikrini cümlələrlə ifadə edə bilmirsə,
• Sual verildikdə cavablandırmaqda çətinlik çəkirsə,
• Hadisələri ardıcıllıqla izah edə bilmirsə,
• Söz ehtiyatı həmyaşıdlarından əhəmiyyətli dərəcədə geri qalırsa,
• Ünsiyyətdən yayınırsa…”.

Psixiloq bildirib ki, bu halda nitq ləngiməsi ehtimalı nəzərə alınmalıdır:

“Nitq ləngiməsi uşağın dil və ünsiyyət bacarıqlarının yaş normasına uyğun inkişaf etməməsidir. Bu, yalnız səs tələffüzü problemi deyil, ümumi dil inkişafının geri qalması ilə xarakterizə olunur”.

Leyla Əlinin sözlərinə görə, nitq ləngiməsi müxtəlif faktorlarla əlaqəli ola bilər:

“Ən çox rast gəlinən səbəblər aşağıdakılardır:
• Eşitmə qüsurları
• Əqli inkişafın ləngiməsi
• Autizm spektr pozuntusu
• Nevroloji problemlər
• Psixososial faktorlar (ünsiyyət çatışmazlığı, ekran qarşısında çox vaxt keçirmə və s.)

Bu səbəbdən nitqi ləngiyən uşaqların kompleks şəkildə qiymətləndirilməsi vacibdir. Eşitmə müayinəsi, nevroloji baxış və psixoloji-inkişaf dəyərləndirilməsi mütləqdir.

“Zamanla özü düzələr” düşüncəsi ilə prosesi uzatmamaq, vaxtında loqoped və uşaq psixoloquna müraciət etmək, eşitmə müayinəsini gecikdirməmək, uşağın ekran qarşısında vaxt keçirməsini məhdudlaşdırmaq və onu gün ərzində aktiv ünsiyyətə, oyun və kitab oxumağa cəlb etmək vacibdir. Erkən müdaxilə nitq problemlərinin korreksiyasında ən effektiv yanaşmadır. Vaxtında göstərilən dəstək uşağın həm nitq, həm də sosial inkişafına müsbət təsir göstərir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr