AZ

60 yaşdan yuxarı şəxslərlə bağlı qadağa: İşdən çıxarmağa son qoyulur?

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Əslində bu təkliflər Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklifinə aydınlıq gətirərkən deyib. 

Deputat bildirib ki, İnsan hüquqları komitəsinə təqdim olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2025-ci il üzrə məruzəsində bir sıra təkliflər yer alıb:

"Bu təkliflərin hər biri iclasda səsləndirildi. Əslində bunlar Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanmış və onların hüquqi müstəviyə keçirilməsini nəzərdə tutan təkliflərdir. Onların arasında 60 yaşdan yuxarı şəxslərin təqaüd yaşına qədər işdən çıxarılmaması, eyni zamanda 35 il dövlət qulluğunda çalışmış şəxslərin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun tanınması kimi bir sıra məsələlər var idi".

Deputat bu məsələlərin hər birinin aktual olduğunu vurğulayıb:

"Mənə elə gəlir ki, bunların təmin olunmasına zərurət var. Çünki nəticə etibarilə uzun müddət işlədikdən sonra təqaüd yaşı yaxınlaşarkən vətəndaşın birdən-birə işdən çıxarılması onun əmək pensiyası almaq hüququna zərbə vurur".

Deputat hesab edir ki, səsləndirilən bu təkliflər İnsan hüquqları komitəsinin üzvləri tərəfindən dəstəklənib: 

"Gələcəkdə bu təkliflər qanunvericilik təşəbbüsünə çevrilə bilər. Nəticədə biz vətəndaşlarımızın hüquqlarını, o cümlədən əmək, sağlamlıq və digər oxşar hüquqlarını daha yaxşı təmin etmək üçün qanunverici baza yaratmış olarıq”. 

Qeyd edək ki, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində yaşı 60-dan yuxarı olan şəxslərlə bağlı təklif yer alıb. Məruzədə 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklif edilir. 

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
qaynarinfo.az

1Mənbələr