“Televiziyaların hazırkı vəziyyəti jurnalistika fakültəsinə marağı, öyrənmə istəyini azalda bilməz, çünki efirdə görünən qeyri-peşəkar simalar uzun müddət reytinq yığa bilmirlər. Praktika göstərir ki, müəyyən dövrlərdə reytinq və kommersiya maraqları ön plana keçsə də, peşəkarlıq meyarları zəifləsə də, zaman keçdikcə səhvlər, etik qayda pozuntuları və auditoriyanın inamının azalması menecerləri yenidən peşəkar kadrlara yönəldir. Elə götürək BBC və CNN kimi kanalları. Əsas güc kimlərdədir? Təbii ki sistemli jurnalistika təhsili alan kadrlarda”.
Bu sözləri Pravda.az-a açıqlamasında BDU-nun kafedra müdiri Aynur Nəsirova deyib.
O bildirib ki, problem təkcə televizyalardan qaynaqlanmır: “Hər zaman demişəm ki, peşəkar aparıcıların vəzifə sevgisindən yaranan boşluqdan qeyri-peşəkarlar yaxşı istifadə edir. Düzdür, burda maddi problem də öz süzünü deyir. Yaş artdıqca aparıcıların televizadan uzaqlaşmasının qarşısı alınmalıdır. Əsas problem informasiyaya etibarlılığın zəifləməsidir. Sosial şəbəkələrdə məşhurlaşıb, sponsor yığan şəxslər efirə çıxanda ilkin vaxtlar vizual təqdimat baxımından maraq yarada bilirlər, lakin təməl prinsiplər yoxa çıxır. Faktın yoxlanılması, mənbə balansı, hüquqi məsuliyyət yada düşmür. Nəticədə isə təsiqlənməmiş məlumatlar efirə ayaq açır, manipulyativ müsahiblər, başlıqlar artır, təkzib və hüquqi risklər artır. Sevindirici haldır ki, xəbər formatında belə hallar yoxdur”.
A.Nəsirova qeyd edib ki, hazırkı dövr beyin jurnalistikasından çıxır: “Süni intellekt mətn yazır, subtitr, başlıq, anons yaradır, tərcümə edir, sürətli şəkildə arxiv materiallarını üzə çıxarır, hətta montaj da edir. Artıq bir çox media orqanı bu formata keçib. Yəni, risk böyükdür, xüsusən də qeyri-peşəkarlar üçün. Çünki süni intellektə nəzarət mütləqdir. Süni intellekt jurnalistikanı zəiflətmir, əksinə onu daha analitik və məsuliyyətli mərhələyə keçirir. AI jurnalistin rəqibi deyil, alətidir. Bir daha qeyd etmək istəyirəm ki, jurnalistika təhsili artıq yalnız klassik xəbər yazmaq deyil. Tələbələr həm də multimedia storytelling, data analitikası, fakt yoxlama texnologiyaları, rəqəmsal etik standartları öyrənirlər”.
Şəhanə Quliyeva