Bakı, 27 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Sülh Şurasına dəvət olunması ölkənin beynəlxalq arenada artan nüfuzunun və qlobal proseslərdə fəal iştirakının göstəricisi kimi dəyərləndirilməlidir. Bu dəvət Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq və dialoq təşəbbüslərində oynadığı rolun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan, xüsusilə Cənubi Qafqaz regionunda sabitliyin və uzunmüddətli sülhün təmin olunması istiqamətində bir sıra təşəbbüslərlə çıxış edib. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin təşviqi rəsmi Bakının xarici siyasət kursunun əsas prioritetlərindəndir.
“Azərbaycan son illərdə regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində konkret addımlar atıb. Humanitar diplomatiya, mədəniyyətlərarası dialoq və multikultural dəyərlərin təşviqi də ölkənin sülh gündəliyinin mühüm tərkib hissəsidir. Bakı şəhərində keçirilən beynəlxalq forumlar və qlobal platformalar Azərbaycanın dialoq məkanı kimi rolunu daha da möhkəmləndirib”, - deyə M.Məmmədli vurğulayıb.
Ekspert əlavə edib ki, Sülh Şurasında iştirak Azərbaycan üçün öz mövqeyini, regional sülh gündəliyini və əməkdaşlıq təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq imkanı yaradır. Bu platformada aparılan müzakirələr qlobal çağırışlara qarşı birgə həll yollarının tapılmasına, dövlətlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
Ümumilikdə, Prezident İlham Əliyevin Sülh Şurasına dəvət olunması və burada iştirakı Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik arxitekturasında konstruktiv tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir. Azərbaycanın həyata keçirdiyi enerji, nəqliyyat və humanitar layihələr də regional sabitliyə və qarşılıqlı asılılığın artmasına töhfə verməklə, daha geniş mənada qlobal sülhə xidmət edir.