GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
2022-ci ilin iyun ayı idi. Bazarlarda gilasın bol vaxtı. Həkim qardaşıma hər gün 200 qram gilas yeməyi tövsiyə etmişdi. Həftədə iki-üç dəfə gilas aldığım üçün qiymətindəki artımı da, azalmanı da dərhal bilirdim.
Bir gün yenə bazara getdim və qiymətin 4 manatdan 12 manata qalxdığını gördüm. Əvvəl düşündüm ki, bəlkə hər gün eyni yerdən alış-veriş etdiyim üçün satıcı qiyməti mənə görə süni artırıb? Amma sonra gördüm ki, bahalaşma hər yerdə var. O vaxt ətin kilosu 10 manat idi. Təsəvvür edin, mövsümündə olan gilas ətdən baha satılırdı.
Bu məqamı baş redaktorum Anar Niftəliyevlə bölüşdüm. Mövzunu işləmək istədiyimi dedim. Təklif etdim ki, deputatlardan birini danışdıraq, vətəndaşın dərdini dilə gətirsin. Ağlıma ilk gələn deputat Fəzail Ağamalı oldu. Və yanılmadım.
İnsafən deyim ki, vətəndaşın halına acıdı. “Yüksək əməkhaqqı alan bir insan kimi etiraf edirəm ki, mən də yeni çıxan meyvələrdən ala bilməmişəm” dedi. Hətta bildirdi ki, məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçməlidirlər.
Əgər o desəydi ki, qiymətlər elə də baha deyil və ya bahalığın səbəbi qıtlıqdır, əminəm, yenə də tənqid olunacaqdı. Deyəcəkdilər ki, “pulu var, amma 10 manat verib kasıb satıcıdan gilas almır, kasıbın çörəyinə bais olur və s”. Yəni necə desəydi, yenə də “vurulacaqdı”.
İnanın, o xəbəri hazırlayanda ağlımdan belə keçmirdi ki, xəbər “partladacaq”. Səhər işə gələndə iş yoldaşım Turanə və Didəm dedi ki, xəbər yayılıb və yaxşı oxunur. Bir az sonra əlavə etdilər ki, demək olar, bütün saytlar istinad edib. Sevindim. Düşündüm ki, nə yaxşı, problem qabardılıb.
Amma çox keçmədi ki, Fəzail Ağamalıdan zəng gəldi. Elə bildim, istinadlarla bağlı zəng edir. Səsində qəribə bir kədər və həyəcan vardı:
“Zaira xanım, o xəbəri silmək mümkündür?”
Səbəbini soruşdum. Dedi ki, saytlar şəklinin üstünə gilas dolu səbət montaj ediblər, onu ələ salırlar. Təsəlli verməyə çalışdım. Dedim, bəlkə xəbərin məzmununa uyğun kollaj ediblər. Sakitləşdirməyə çalışdım.
20 dəqiqə sonra yenidən zəng etdi. Səsi titrəyirdi. Sanki ağlamaq üzrə idi. İzah etdim ki, xəbəri silsəm belə, artıq gecdir, bütün saytlar axşamdan yayıb. Təəssüf ki, sosial şəbəkələrdəki məsxərə, ələ salınma onu çox sarsıtmışdı.
Məsələnin ən ağrılı tərəfi isə başqa idi. Cəmiyyətin “tanınmış”, “sevilən” simaları – aktyor Bəhram Bağırzadə, meyxanaçı Rəşad Dağlı, aktyor Tahir İmanov, aparıcı Nailə İslamzadə kimi şəxslər də onu məsxərəyə qoymuşdu. Hətta Salyandan Milli Məclisə gilas alıb gətirən də tapılmışdı.
Hər birinin paylaşımına şərh yazdım. Məsələnin mahiyyətini izah etməyə çalışdım. Amma sosial şəbəkədə xəbərin hökmü artıq verilmişdi… Adam uzun müddət stress keçirdi, pis oldu.
Bir məqam heç yadımdan çıxmır. Dedi: “Qızım, axı mən onu pis mənada deməmişəm. Camaat məni vurur…”
Təklif etdim ki, istəsə, qısa bir video çəkib paylaşım, ona dəstək olum. Razı olmadı. Dedi ki, məsələ daha da alovlanar.
O gün ondan baş verənlərə görə dəfələrlə üzr istədim. Əslində, özü də bilirdi ki, mən səhv etməmişəm. Sadəcə problemi qabartmışdım. Amma nəticədə istəmədən onu hədəfə çevirmişdim.
Ondan sonra sanki məndən incidi, açıqlama verən zaman ehtiyat etdi. Bəlkə də haqlı idi… Çünki bir insanın səmimi etirafı ictimai linçə çevrilmişdi. O gündən sonra sosial məsələlər barədə danışmamağa çalışdı.
İndi düşünürəm… Kaş o zaman nəyisə düzəltmək imkanım olardı.
İndi daha yaxşı anlayıram ki, bəzən bir xəbər problemi yox, insanı “partladır”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.