AZ

Kosmonavtın GİZLİ İDDİALARI: Sosial şəbəkələrdə yayılan sensasiya

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə Sovet kosmonavtı Aleksey Leonov haqqında sensasion iddialar yayılıb.

Paylaşımlarda onun ölümündən sonra tapıldığı iddia olunan “gizli gündəlikdə” yadplanetlilərlə təmas, “Qalaktik Birlik” və bəşəriyyətə 2027-ci ilə qədər vaxt verilməsi barədə məlumatlar yer alır.

“Cebheinfo.az” aparılan real araşdırmalara əsasən bildirir ki, bu iddiaların heç biri rəsmi mənbələrdə təsdiqlənmir.

Leonov 18 mart 1965-ci ildə “Vosxod-2” missiyası zamanı açıq kosmosa çıxan ilk insan kimi tarixə düşüb.

Sovet arxivləri və kosmik proqramla bağlı açıq mənbələrdə yalnız skafandrın (insan bədənini kosmosun ölümcül vakuumundan qoruyan şəxsi mini kosmik gəyim) şişməsi səbəbilə yaşanan çətinliklər qeyd olunur. Mənbələrdə naməlum obyekt və ya yadplanetli təmasından bəhs edilmir.

Kosmosun tədqiqi ilə məşğul olan elm adamları bildirirlər ki, Aleksey Leonov sağlığında çoxsaylı müsahibələr verib və belə iddiaları səsləndirməyib. O, 2019-cu ildə vəfat edib və ailəsi tərəfindən də “gizli gündəlik”lə bağlı heç bir açıqlama yayılmayıb.

Paylaşımlarda tez-tez 1975-ci ildə keçirilən “The Apollo-Soyuz Test Project” layihəsi, yəni Sovet və ABŞ arasında kosmik birgə missiya də iddia olunur. 

Lakin rəsmi sənədlər və missiya iştirakçılarının xatirələrində yadplanetli obyekt və ya “Müşahidəçilər” barədə heç bir qeyd yoxdur.

Tədqiqatçılar deyirlər ki, sosial mediada sürətlə yayılan bu tip məlumatlar əsasən "elmi-fantastik ədəbiyyat” və konspirasiya nəzəriyyələrinə əsaslanır.

Aleksey Leonovun rəsmi və açıq mövqeyi aydındır. Kosmonavt heç vaxt yadplanetlilərlə qarşılaşdığını deməyib, “gizli gündəlik” saxlamayıb və uçan naməlum obyektlərlə (UNO) təması olmayıb.

O bildirib ki, “naməlum obyektlər” çox vaxt texniki nasazlıq, atmosfer hadisəsi, optik illüziya və ya hərbi sınaq obyektləri ilə izah olunur.

Aleksey Leonov kosmosda həyat ehtimalını nəzəri olaraq mümkün sayırdı, amma açıq şəkildə qeyd edirdi ki, hələlik bununla bağlı birbaşa sübut yoxdur.

O, həmçinin ABŞ-ın “Apollo” kosmik proqramı çərçivəsində “Apollo 11” missiyasının reallığını tanıyıb, amerikalı astronavtlarla dostluq münasibətlərində olub.

Beləliklə, sosial şəbəkələrdə yayılan “Leonovun gizli gündəliyi” və “2027 xəbərdarlığı” iddiaları heç bir etibarlı mənbə ilə təsdiqlənmir.

Geniş oxucu kütləsinə tövsiyə olunur ki, xüsusilə kosmos və təhlükəsizlik kimi həssas mövzularda yayılan məlumatları rəsmi mənbələr və etibarlı elmi platformalar vasitəsilə yoxlasınlar.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr