AZ

Azərbaycan həm də sümüklərini axtarıb yerinə qoyaraq özünü bərpa edir...

ain.az bildirir, Lent az portalına istinadən.

Vaxtilə Bakıda məcburi köçkün həyatı yaşadığı Yeni Yasamaldan piyada on iki gün yol qət edib 26 fevral günü özünü Xocalıya yetirən Bəhruz Hümbətovun sosial şəbəkələrdə paylaşılan görüntülərini izləyəndə bəzi şeylər yadıma düşür. Elə şeylər ki, onları yaşayandan sonra bu günləri görmək qəribə – adını dəqiq tapa bilmədiyin hisslərlə səni yenicə tanış edir.

***

2012-ci ildir. Yeni Yasamalda yerləşən 308 saylı məktəbdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirə hazırlaşırıq. Zal doludur. Səsləndirmək üçün bizə tapşırılan şeirləri dodağımızın altında pıçıldayıb son məşqimizi edirik. İçində olduğumuz tədbirin tam mahiyyətini tam başa düşmürük, uşağıq. Səhnəyə çıxıb bizə tapşırılan ardıcıllıqla düzülürük. Mən indi müəllifini xatırlamadığım üçbəndlik şeirin həm ortasında, həm də son bəndinin axırında çaşıram. Həm sinif rəhbərim, həm yoldaşlarım acıqlı-acıqlı, bəziləri də istehza ilə mənə baxır. Qıpqırmızı olmuşam, gözüm dolub. Nə edəcəyimi bilmirəm.

Elə bu vaxt aparıcı Xocalı faciəsinin şahidi Hüseyn Hümbətovu xatirələrini bölüşmək üçün səhnəyə çağırır. Uşaqların pıçıltısından məlum olur ki, Hüseyn Hümbətov sinif yoldaşımız Bəhlulun atasıdır. Dünən Xocalıya on iki gün piyada yol qət edən Bəhruz isə həmin Hümbətovlar ailəsinin son beşiyi – sinif yoldaşımız Bəhlulun kiçik qardaşıdır... Hüseyn kişi qanlı-qadalı günlərdən danışır, gözləri dolur, fikirlərini dilə gətirməkdə çətinlik çəkir, 1991-ci ilin dekabrında – əslində, soyqırımının başladığı tarixdə Meşəli kəndində atasının şəhid olmasından bəhs edir. Və bu həssas, tükürpədən xatirələr imkan verir ki, bayaq səhnədə şeir deyəndə çaşdığıma görə ürəyimi rahat boşaldım, sakitcə gözümdən yaş axıdım...

***

On iki gün Xocalıya piyada gedən Bəhruz qardaşından – bizim sinif yoldaşımız Bəhlulda iki yaş kiçikdir. Onlar Yasamalda çox balaca otaqlarda – gecəqonduya bənzər daxmada yaşayıblar (hazırda Xocalıda evləri var). Həm Hüseyn kişi, həm onun həyat yoldaşı həddindən artıq zəhmətkeş olub. Əllərinin qabarı ilə bu iki oğlu böyüdüblər. Zəhmətkeşlikdə onlar da ana-atasından geri qalmayıb.

Və heç vaxt Hümbətovlar qardaşlarını məktəbdə uca səslə gülən, qışqıra-qışqıra danışan, ürəkaçıqlığı ilə söhbət edən görməmişik.

Hamı Çingiz Mustafayevin kadrları ilə Xocalı faciəsinin miqyasına bələd olubsa, biz o kadrlarla yanaşı, bu qardaşların fonunda ətrafımızda olan digər xocalılı köçkünlərin həyatları və yaddaşlarında qalan iztirabları ilə bu qırğının ağrısını hiss etmişik.

Hələ o vaxt Xocalının üzünü görməyə-görməyə o matəmlə yaşayan yaşıdlarımız əhdlərinə də etibarlı çıxdı:

Babası Xocalıda şəhid olan Bəhruzun digər qohum-əqrəbası o şaxtalı fevral günündə payi-piyada öz yurdlarını yarı sağ, yarı ölü tərk etmişdilər. Bəhruz da Xocalıya payi-piyada qayıtdı, özü də fevralda. O, ağrının formasını qoruyub saxladı, amma yarı sağ, yarı ölü yox, bütöv adam kimi qayıtdı – Azərbaycan kimi. Özün üçün ağrını boyatlaşdırıb nikbin yaşamağın bir forması da budur.

14 il əvvəl məktəbin akt zalında Xocalı faciəsinin şahidlərinin nitqlərini dinləyəndə bu ağrının belə forma dəyişəcəyi isə o zaman yuxu kimi, indi isə ağlasığmaz reallıq kimi görünür.

***

Birinci Qarabağ müharibəsindən izi-tozu bilinməyən itkin-şəhidlərin nəşinin qalıqları aşkar edilərək ailələrinə təhvil verilir. Onların dəfn mərasimində ailələrin, qohum-əqrəbanın yenicə ölən adam kimi o cənazələri qarşılayıb vay-şüvən edirlər. Həmin an aradakı 34 il montaj edilərək yoxa çıxır.

Prezident İlham Əliyevin ötən gün Xocalı sakinləri ilə görüşündə Milli Qəhrəman Natiq Qasımovun bacısı da sonda qardaşının nəşinin qalıqlarının tapılması ilə bağlı xahişini dilə gətirdi.

Və bütün itkin yolu gözləyənlərin gözü qapıdadır.

Azərbaycan sümüklərini axtarıb yerinə qoyaraq bərpa olur. İndi hökumət o sümüklər üçün də öhdəlik götürüb işini tam görmək istəyir – Azərbaycan kimi.

On iki gün Bakıdan Xocalıya piyada gedən Bəhruzun addımı ilə ölçülür bu 34 il... Və fevralın əvvəli Xocalının Ballıca kəndində dünyaya gələn Mehdinin də bir yaşı oldu. Sümükləri bərk və həmişə yerində olsun Bəhruzun da, Mehdinin də, elə Natiq Qasımovun da...

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
lent.az

1Mənbələr