AZ

Kredit tarixçəsində problem olanlar necə kredit götürə bilərlər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kredit götürən zaman rəsmi maaşın olması bankın ilk tələblərindən olur. Lakin bəzən vətəndaşlar işini itirdiyi üçün kreditini vaxtında ödəyə bilmir. bu zaman isə bankla problemlər yaranır və həmin müştəri növbəti dəfələrdə kredit götürməkdə çətinlik çəkir. Problemli kredit tarixçəsini necə düzəldə bilərik?

İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, aydındır ki, kredit tarixçəsinin problemli olması kreditə əlçatanlığı azaldır:

"Lakin buna baxmayaraq, bəzi hallarda vətəndaşın yenidən kredit əldə etmək imkanı yarana bilər.

Bunlardan birincisi, kredit borcu olan bankla əməkdaşlıq çərçivəsində kreditin restrukturizasiyasıdır. Yeni ödəniş qrafiki müəyyən edilir və vətəndaş bu qrafikə uyğun şəkildə kredit öhdəliklərini yerinə yetirir. Bu, son nəticədə kredit tarixçəsinin sağlamlaşmasının əsasını formalaşdırır və gələcəkdə yenidən kreditlərə müraciət etmək imkanı yaradır.

Digər variant problemli kredit öhdəliyinin müəyyən müddətdən sonra tam icra edilməsidir. Yəni vətəndaşın kredit borcu və problemli kredit tarixçəsi olsa da, həmin borcu sonradan bağlayarsa, müəyyən dövr keçdikdən sonra banklar bu istiqamətdə nisbətən müstəqil qərar qəbul edirlər. Bəzi banklarda altı ay, bəzilərində isə bir ildən sonra kredit tarixçəsində mövcud olan məhdudiyyətlər və ya kredit müraciətinə qoyulan daxili məhdudiyyətlər aradan qaldırıla bilər. Nəticədə kredit əldə etmək imkanı yenidən formalaşır".

İqtisadçı bildirib ki, əgər vətəndaş kredit öhdəliyini yerinə yetiribsə, müəyyən müddətdən sonra onun problemli müştəri kimi qiymətləndirilməsi və ya “qara siyahı”da olması məsələsi də öz həllini tapa bilər:

"Lakin vətəndaş kredit tarixçəsini yenidən formalaşdırmalıdır. Bu mərhələdə adətən daha kiçik məbləğdə və nisbətən yüksək faizlə kredit götürülür. Zaman çərçivəsində öhdəliklər düzgün icra edilərsə və etibar sübut olunarsa, maliyyə institutları növbəti mərhələdə şərtləri yumşalda və kredit məbləğini artıra bilərlər.

Beləliklə, mərhələli şəkildə vətəndaş öz problemli kredit tarixçəsini sağlamlaşdıra bilər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
9
1
banco.az

2Mənbələr