AZ

Qarabağın ilk film festivalı Laçında!

ain.az, 525.az portalına istinadən məlumat verir.

Laçındakı "HochazFilm Creative Studio"nun beynəlxalq kinofestivala hazırlaşması milli kino ilə bağlı yeni, maraqlı xəbərdir. Böyük Zəfərdən cəmi beş il sonra işğaldan azad olunmuş Laçın ölkənin mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) idarə heyətinin üzvü, "HochazFilm Creative Studio"nun direktoru Amil Məmibəyli ilə söhbətimiz bu mövzudadır.

- Amil bəy, fevralın 21-də "LaCinema" kinoteatrında Laçın Film Festivalının (LFF), eyni zamanda LFF saytının təqdimatı keçirildi. Bu, Bakıdan kənarda keçiriləcək ilk beynəlxalq film festivalı olacaq? Riskli addım deyilmi?

- Risk yalnız məsafədədirsə, yeni çəkilmiş keyfiyyətli yollar onu sıfırlayacaq.

- Yalnız yolu demirəm. Beynəlxalq kino festivalı keçirmək, xaricdən qonaq qarşılamaq ciddi imtahandır - xüsusi təcrübə, bacarıq istəyir.

- Laçın azad olunandan bizim məkanda çox tədbirlər keçirilib, mötəbər qonaqlarımız olub. Bakı Abadlıq Xidməti və Prezidentin Laçın nümayəndəliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin birgə səyi ilə hər il Laçın şəhər günləri yüksək səviyyədə təşkil edilir. Ölkə başçısı cənab İlham Əliyevin, diplomatların, səyyahların şəhərimizə mütəmadi səfərləri olur. Ötən il MDB-nin mədəniyyət paytaxtı kimi Laçın xeyli əcnəbi qonaq qarşıladı, onların arasında məşhur simalar vardı... Şəhərdə qonaqların qarşılanması üçün zəruri infrastruktur yaradılıb, bütün xidmətlər real fəaliyyət göstərir, hava limanımız var, Lachin Resort & SPA, "HochazFilm" Yaradıcılıq Studiyası, "LaCinema" kinoteatrı, istirahət kompleksləri, restoranlar... Yəni Laçına gələn narazı qayıtmaz. Laçını turizm mərkəzi konseptində dirçəldən Bakı Abadlıq Xidmətinin peşəkar heyəti də şəhər qurulandan bizimlədir, yanımızdadır.

- Festivalın peşəkar baxımdan təşkilatçılığı, idarəçiliyi kimə aiddir?

- LFF Laçında fəaliyyət göstərən "HochazFilm Creative Studio" tərəfindən təsis edilib. İdeyanı dəstəklədikləri üçün Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Bakı Abadlıq Xidmətinə minnətdaram. Lachin Resort & Spa, AzGeo MMC (Azərbaycan Geologiyası), "Gilabi Ceramics" festival hərəkatına qoşulmağa hazır olduqlarını bildiriblər.

- İnamlı və əzmlisiniz. İlk tədbiriniz nə vaxt olacaq?

- Bu ilin avqustunu hədəfləmişik. Məqsədimiz milli kino bayramında yeni istedadlı isimləri üzə çıxarmaq, Laçının mədəni dirçəlişini dünyaya çatdırmaq və regionu beynəlxalq kino mühitinin yaradıcı məkanına çevirməkdir.

- LFF kütləvi şəhər festivallarından nəylə fərqlənəcək?

- Biz böyük şəhər şablonlarını təkrarlamayacayıq. Əksinə, Laçının əsrarəngiz təbiətini, mədəni irsini və yaradıcı nəfəsini ön plana çıxaran unikal format təqdim edəcəyik. Peşəkar təşkilatçılıq, güclü məkan identikliyi və orijinal estetika Laçın Film Festivalı regionun ən nüfuzlu yeni film platformasına çevirəcək.

- Proqram seçimi ilə bağlı planlarınız nədir?

- Coğrafi uzaqlığa və dağ landşaftına görə meqapolislərdə mümkün olmayan səmimi peşəkar ünsiyyət mühiti yaratmaq istəyirik. LFF qısametrajlı filmlərin festivalıdır. Laçın coğrafi olaraq Türk dünyası, Avropa və Asiya arasında körpü rolunu oynayır. Festival bu keçid mövqeyini proqram seçimində prioritet edəcək. Türk Dövlətləri, MDB, Xəzəryanı ölkələr, Balkanlar, Orta Asiya və Cənub-Şərqi Avropa qısametrajlı filmlərinə xüsusi diqqət yetirəcəyik.

- Bu gedişlə LachinFilmFest regiondakı münasibətlərin inkişafına da təsir göstərə bilər?

- Çalışacağıq ki, kino diplomatiyası bölgənin təhlükəsiz, müasir yaradıcı potensiala malik məkana çevrilməsinə xidmət etsin.

Sonu da qeyd edim ki, festival haqqında bütün məlumatları lachinfilmfest.com rəsmi saytından və sosial şəbəkə hesablarından izləyə bilərsiniz.

- Elə isə kinomanlar səbirsizliklə avqustu gözləsinlər. Uğurunuz bol olsun!

AFAQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr