
Rəqəmsal dövrdə bir şəkil, bir səs yazısı və ya şəxsi məlumat saniyələr içində yayılaraq insanın nüfuzuna, ailə münasibətlərinə və psixoloji vəziyyətinə ciddi zərbə vura bilər. Təəssüf ki, bəzi hallarda bu materiallar şantaj və təzyiq vasitəsinə çevrilir. Bəs qanun bu cür hallara necə yanaşır və belə əməlləri törədən şəxsləri hansı məsuliyyət gözləyir?
Bu barədə hüquqşünas Vüsal Səfərov Missiya.Az-a danışıb.
"Başqasının şəxsi şəkillərini və şəxsi məlumatlarını onun razılığı olmadan əldə edərək yaymaq Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin maddəyə görə şəxsi və ailə həyatının sirri olan məlumatların, bu məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqasına verilməsi cinayət əməli hesab edilir",-hüquqşünas bildirib.Vüsal Səfərovun sözlərinə görə, bu əmələ görə təqsirli şəxs min manatdan iki min manatadək miqdarda cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər. Eyni zamanda, şəxsin haqqında rüsvayedici məlumatların yayılması hədəsi ilə ondan əmlak, pul və ya digər maddi xarakterli tələblərin irəli sürülməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini yarada bilər. Bu halda zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor tətbiq ediləcəyi, rüsvayedici məlumatların yayılacağı və ya əmlakın məhv ediləcəyi ilə hədələmə yolu ilə özgənin əmlakını, əmlaka olan hüququnu və ya əmlak xarakterli digər hərəkətləri tələb etmə cinayət məsuliyyəti yaradır."Həmin maddənin sanksiyasına əsasən bu cür əməli törədən şəxs üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Belə hallarla qarşılaşan zərərçəkmiş şəxslərə tövsiyə olunur ki, dərhal hüquq-mühafizə orqanlarına müraciət etsinlər, mövcud sübutları (mesajlar, səs yazıları, ekran görüntüləri və s.) qoruyub saxlasınlar və rəsmi qaydada təqdim etsinlər. Unutmaq olmaz ki, susmaq problemi həll etmir — qanun şəxsi həyatın toxunulmazlığını qoruyur və bu hüququ pozanlar məsuliyyət daşıyırlar",- V.Səfərov əlavə edib.
İlahə QənbərliMissiya.Az