AZ

Müəllimlər 60 yaşdan sonra təqaüdə ÇIXSIN! - gənc kadrlara yol açılmalıdır

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Arzuxan Əlizadə tərəfindən irəli sürülən təklifdə, xüsusilə regionlarda həkim və müəllim çatışmazlığı fonunda 65 yaşlı kadrların təqaüdə göndərilməsi mexanizminə yenidən baxılmasının zəruriliyi vurğulanıb.

Maraqlıdır, 65 yaşlı müəllimlərin tədris prosesinə cəlb edilməsi nə dərəcədə effektiv ola bilər?

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.

O bildirib ki, 65 yaş həddi hətta çoxdur və 60-dan yuxarı yaşda olan müəllimlərin təqaüdə göndərilməsi daha məqsədəuyğun hesab olunmalıdır:

“Ümumiyyətlə, mən bunun qətiyyən tərəfdarı deyiləm, nəinki 65 yaş həddinin. Hesab edirəm ki, 60 yaşdan yuxarı müəllim demək olar ki, effektiv olmur. 60 yaşdan yuxarı müəllimin artıq təqaüd alıb nəvələri ilə vaxt keçirməli olduğu dövrdür. Onun orta ümumi təhsil məktəbində dərs keçməsi və ya tədris prosesinə cəlb olunması mənim fikrimcə o qədər də faydalı deyil.

Hazırda orta ümumi təhsil məktəblərində yuxarı yaşda olan müəllimlərlə gənc kadrların tədris prosesini həyata keçirməsi arasında həqiqətən ciddi fərqlər hiss olunur. Bəli, yaşlı müəllimlər həmişə bizim baş tacımızdır və onlara hər zaman hörmətimiz olmalıdır. Amma 60 yaşdan yuxarı müəllim artıq sağlamlığı və yaşının gətirdiyi tələblərə görə daha çox istirahət etməli, özünə vaxt ayırmalıdır.

Biz son Milli Elmlər Akademiyasının iclasında baş verənləri öz gözlərimizlə gördük. Kifayət qədər yüksək yaşda olan şəxslərin yorğun olduqları və bunun müəyyən səbəblərinin olduğu açıq şəkildə görünürdü. Buna görə hesab edirəm ki, 65 yaş həddi hətta çoxdur. 60-dan yuxarı yaşda olan müəllimlərin təqaüdə göndərilməsi daha məqsədəuyğundur".

Gənc müəllimlərin regionlara getməsini təşviq etmək üçün ikiqat maaş, sosial rifahın yaxşılaşdırılması və maaşlara əlavələr kimi aktiv addımlar atılmalıdır:

“Bu gün ali təhsil müəssisələrini bitirən gənc kadrların sayı kifayət qədər çoxdur. Əgər biz regionlara müəllimlərin cəlb olunmasını istəyiriksə, bunu 65 yaşdan yuxarı və ya bu yaşa yaxın müəllimlərin təqaüdə göndərilməsi ilə əlaqələndirməməliyik. Gənc müəllimlərin regionlara getməsini təşviq etmək üçün alternativ yollar axtarmalıyıq. Məsələn, ikiqat maaş təklif edilməli və ya sosial rifahın yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır. Maaşlara əlavələr etmək və müxtəlif yollarla bu prosesi daha da aktivləşdirmək mümkündür".

Ramin Nurəliyev hesab edir ki, təqaüd yaşına çatmış müəllimlərin yenidən tədris prosesinə cəlb edilməsi yolverilməzdir:

“‘Regionlarda müəllim çatışmazlığı var’ deyərək 70 yaşında müəllimi orta ümumi təhsil məktəbində saxlamaq düzgün yanaşma deyil. 65-70 yaş aralığında olan müəllimlərin müasir tədris metodlarından geri qalması ehtimalı yüksəkdir. Bu yaşda olan müəllim tədris prosesini müasir tələblərə uyğun və keyfiyyətli şəkildə necə təmin edə bilər? Sinif idarəetməsi, tapşırıqların yoxlanılması, vaxtın səmərəli bölüşdürülməsi, mövzuların şagirdlərə uyğun izahı, müasir tədris metodlarından və maddi-texniki bazadan düzgün istifadə kimi məsələlərdə hansı səviyyədə nəticə göstərə bilər?

Bu baxımdan hesab edirəm ki, əgər problem müəllim çatışmazlığıdırsa, onun həlli başqa yollarla tapılmalıdır. Yaşı çox olan müəllimləri bir-iki il də saxlamaqla məsələni süni şəkildə uzatmağın mənası yoxdur. Mövcud qaydalara əsasən 65 yaş həddi tətbiq olunursa, bu yaşdan yuxarı müəllimlər təqaüdə göndərilməlidir. Onlar artıq sonrakı dövrlərini istirahətə, ailələrinə və şəxsi həyatlarına həsr etməlidirlər. Təkrar olaraq onları tədris prosesinə cəlb etmək, hesab edirəm ki, qətiyyən yolverilməzdir".

Seçilən
5
azedu.az

1Mənbələr