AZ

"Filankəs boşandı, sən niyə ayrılmırsan?"

Əvvəlki illərdən fərqli olaraq ölkədə boşanmaların sayı günü-gündən artır. 

Məsələn, keçən il Azərbaycanda 20 min 675 nəfər boşanıb. Üstəlik, boşanmaların ən çox hansı bölgədə olduğu açıqlanıb. Demək olar ki, ölkənin bütün şəhər və rayonlarında boşanma qeydə alınıb. Ən az boşanma Lerik, ən çox boşanma isə Yasamal rayonunda olub. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, bu gün ölkədə boşanmaların sayı ildırım sürəti ilə artır: 

"Vəziyyət elə həddə çatıb ki, yeni ailə quran cütlüyün 3-5 aydan sonra normal münasibəti varsa, onlara “niyə ayrılmırsınız?” deyə irad bildirənlər də tapılır. Bəli, bu faktdır. Bu gün boşanmalar o həddədir ki, insanlar artıq ayrılma səbəbi ilə maraqlanmır, əksinə, ayrılmağı təkid edirlər. Ümumilikdə isə boşanma yalnız bir regionda və ya ərazidə deyil, bütün ölkə üzrə müşahidə olunur. Məsələn, rayon məhkəmələrində baxılan işlərin böyük əksəriyyətini məhz boşanma ilə bağlı müraciətlər təşkil edir".

Ekspert qeyd edib ki, əhalinin sıx olduğu ərazilərdə boşanma halları daha çoxdur:

"Ən çox boşanma paytaxt Bakı şəhərində qeydə alınması əhalinin sayının çoxluğu ilə bağlıdır. Lerik rayonunda isə boşanma sayı nisbətən azdır. Bunun səbəbi orada həm əhalinin az olması, həm də bölgədə ailə dəyərlərinə hörmətin qorunub saxlanılmasıdır".

Həmsöhbətimiz boşanma səbəblərinə gəlincə bildirib ki, əsas amillər fikir uyğunsuzluğu, iqtisadi çətinliklər, fiziki və psixoloji zorakılıq hallarıdır:

"Həmçinin, cütlüklərin bir-birini yetərincə tanımadan ailə qurması, “filankəs ailə qurdu, mən də kimləsə evlənməliyəm” düşüncəsi də sonda boşanmalara təsir göstərir. Boşanmaların səbəbləri çoxdur, lakin bu gün əsas səbəblərdən biri xırda problemlərin böyüdülməsidir".

Günel

Seçilən
9
hit.az

1Mənbələr