BAKI, 27 fevral. TELEQRAF
Fevralın 21-də İsmayıllı Olimpiya İdman Kompleksində Xocalı Soyqırımının ildönümünə həsr olunmuş kikboksinq turniri keçirilib.
Teleqraf xəbər verir ki, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan bu yarış, mahiyyət etibarilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və qan yaddaşımızın yaşadılması baxımından təqdirəlayiq təşəbbüsdür.
Lakin tədbirdən yayılan bəzi fotolar, "təşkilatçılıq" anlayışının rəsmi qurumlar tərəfindən hələ də tam dərk edilmədiyini ortaya qoyur.
Yarışın ən çox diqqətçəkən və təəssüf doğuran məqamı isə rinqdə dayanan şəxsin idman geyimində deyil, klassik kostyumda olmasıdır. Bu mənzərə təkcə estetik qüsur deyil, həm də idman prinsiplərinə açıq hörmətsizlikdir:
Bunu eyni zamanda Xocalı adına yaraşmayan məsuliyyətsizlik də adlandıra bilərik. Əgər bir turnir Xocalı soyqırımı kimi ağrılı bir mövzuya həsr olunursa, rada hər bir detal - idmançı geyimindən tutmuş hakimin xarici görünüşünə qədər - mükəmməl olmalıdır. Şəhidlərin xatirəsinə ehtiram təkcə bir dəqiqəlik sükutla bitmir. Bu, həm də onlara həsr olunan işin ciddiyyəti ilə ölçülür.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi bununla hansı mesajı verir? "Bizim üçün qayda-qanun yox, sadəcə tədbir keçirmək hesabatı önəmlidir" mesajınımı? Rinq toy məclisi və ya rəsmi qəbul zalı deyil ki, orada hakim pencəklə gəzsin...
Məsələ ilə bağlı Azərbaycan Kikboksinq Federasiyasına sorğu ünvanlasaq da, mövzuya cavab almaq mümkün olmadı. Məsələ Teleqraf tərəfindən aidiyyəti qurumların diqqətinə çatdırıldıqdan sonraDağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəsmi feysbuk hesabındakı paylaşım silinib.
Sual yaranır: Problemin həlli təkcə paylaşımı silməkdirmi? Bəlkə idmana olan münasibətimizi də dəyişək?
Qeyd edək ki, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifovdur.
