AZ

İctimai nəqliyyatda güzəştlər: QHT sədrindən AÇIQLAMA

Azərbaycanda ictimai nəqliyyatın hazırkı iqtisadi modeli əsasən dövlət subsidiyaları, tarif gəlirləri və məhdud kommersiya gəlirləri üzərində qurulub. Əgər model yalnız sərnişin ödənişlərinə söykənsə, genişmiqyaslı güzəştlərin tətbiqi maliyyə çatışmazlığı yarada bilər. Lakin dövlət subsidiyaları artırılarsa və ya aydın, şəffaf kompensasiya mexanizmi qurularsa, sosial güzəştlərin tətbiqi tam mümkündür.

Bu fikirləri “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu təklifin reallaşması üçün maliyyə risklərinin qiymətləndirilməsinə iqtisadçılar daha dəqiq cavab verə bilərlər. Mən isə bir sosial işçi kimi məsələyə daha çox sosial ədalət və inklüzivlik prizmasından yanaşıram:

"Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiyaçı və əlilliyi olan şəxslər üçün uğurlu rəqəmsal mexanizmlər tətbiq olunur. “Sənə özəl – e-Sosial” platforması və rəqəmsal əlillik kartı sistemi sosial xidmətlərin ünvanlı, şəffaf və nəzarət edilə bilən formada təqdiminə imkan yaradır. Bu sistem vasitəsilə əlilliyi olan şəxslər şəhərdaxili nəqliyyatdan və metrodan istifadə edə, şəhərlərarası güzəştləri isə elektron qaydada əldə edə bilirlər. Bu isə göstərir ki, sosial kart mexanizmi artıq mövcuddur və praktik tətbiq üçün texniki baza var. Məsələ həmin mexanizmin ictimai nəqliyyat sisteminə daha geniş və sistemli şəkildə inteqrasiyasıdır".

QHT sədri həmçinin bilidirib ki, beynəlxalq təcrübədə model belə işləyir: güzəşt dövlət tərəfindən nəqliyyat operatoruna kompensasiya edilir. Yəni yaranan maliyyə fərqi daşıyıcı şirkətin deyil, dövlət büdcəsinin üzərinə düşür. Bu yanaşma həm xidmət keyfiyyətinin qorunmasına, həm də sosial həssas qrupların hüquqlarının təmin olunmasına imkan yaradır:

"Unutmamalıyıq ki, ictimai nəqliyyat sadəcə bir daşıma xidməti deyil — bu, insanların təhsilə, işə, səhiyyəyə və ictimai həyata çıxış vasitəsidir. Əlilliyi olan şəxslərin və digər həssas qrupların sərbəst hərəkəti onların cəmiyyətə tam inteqrasiyasının əsas şərtidir. Düzgün maliyyə mexanizmi qurularsa, sosial güzəştlər xərc deyil, uzunmüddətli sosial və iqtisadi fayda yaradan investisiyaya çevrilə bilər".

 

Pərvanə Fərhadqızı

Seçilən
9
qht.az

1Mənbələr