AZ

Xamneinin 23 il əvvəlki fətvası Trampı durdurmağa kifayət edəcək?...



Aytən Rəhimli: “ABŞ üçün fətva: siyasi siqnaldır, diplomatik arqumentdir, fəqət hüquqi zəmanət və texniki nəzarət mexanizmi deyildir”

İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını açıqlayıb. Onun sözlərinə görə, bu mövqe ölkənin ali rəhbəri Əli Xamenei tərəfindən verilmiş dini fətvaya əsaslanır. "Ali rəhbər nüvə silahı əldə etməyəcəyik dedikdə, bu, bizim silah əldə etmək niyyətində olmadığımızı bildirir. Ali lider siyasətçilər kimi yalan danışa bilməz", - deyə, Pezeşkian vurğulayıb. Prezident qeyd edib ki, Xameneinin bu mövqeyi siyasi deyil, dinə və fiqhə əsaslanır. O, əlavə edib ki, bir icmanın dini lideri nüvə silahı yaradılmayacağını deyərsə, bu mövqe inanc və fiqh çərçivəsində qəbul edilir. Qeyd edək ki, Xamenei 2003-cü ilin oktyabrında nüvə silahlarının hazırlanması və istifadəsini qadağan edən şifahi fətva verib. Daha sonra 2005-ci ildə bu fətva rəsmi olaraq AEBA-ya təqdim olunub.

Xamneinin 2003-cü ildə nüvə silahının yaradılmayacağını və istifadə olunmayacağını qadağan edən şifahi fətva verməsi bu gün Amerikanı inandıra bilərmi ki, İran həqiqətən nüvə silahı yaratmır və yaratmayacaq? Bu nə dərəcədə Amerikanı qənaətləndirəcək arqument sayıla bilər? O fətva ABŞ-ı inandırmaq gücündə olan arqument sayıla bilərmi? ABŞ buna baxacaqmı?

Tədqiqatçı Aytən Rəhimli baki-xeber.com-a bildirdi ki, İranın ali rəhbəri Əli Xameneinin 2003-cü ildə nüvə silahının hazırlanmasını və istifadəsini qadağan edən şifahi fətva verməsi, daha sonra isə bu mövqenin 2005-ci ildə rəsmi şəkildə AEBA-ya (Beynəlxalq Atom Enerjisi Agentliyi) yazılı formada çatdırılması Tehran tərəfindən əsas arqument kimi təqdim olunur: “İran tərəfi bunu həm dini, həm də strateji doktrina səviyyəsində dəyişməz prinsip kimi göstərir.

Lakin sual açıq qalır: bu fətva ABŞ-ni nə dərəcədə inandıra bilər?

İlk olaraq qeyd etmək lazımdır ki, Xameneinin fətvasının mövcudluğu İran rəsmiləri tərəfindən dəfələrlə təsdiqlənib. Hətta 2005-ci ildə onun yazılı versiyasının AEBA-ya göndərildiyi bildirilir.

Son olaraq İran prezidenti Məsud Pezeşkian Mazandaran əyalətinə səfəri zamanı çıxışında bildirib ki, ali rəhbərin fətvası heç vaxt pozulmayacaq. Onun sözlərinə görə,

“Ali lider siyasətçilər kimi yalan danışa bilməz.”

Prezident qeyd edib ki, Xameneinin bu mövqeyi siyasi deyil, dinə və fiqhə əsaslanır. O əlavə edib ki, bir icmanın dini lideri nüvə silahı yaradılmayacağını bəyan edərsə, bu mövqe inanc və fiqh çərçivəsində qəbul edilir və dəyişdirilə bilməz prinsip kimi qiymətləndirilir. Çıxışın videogörüntüləri president.ir saytında da yerləşdirilib.

Bununla yanaşı, Xameneinin müşaviri Əli Şəmxani də “X” sosial şəbəkəsində yazıb:

“Əgər danışıqların əsas mövzusu İranın nüvə silahı əldə etməməsidirsə, bu, ali rəhbərin fətvasına və İranın müdafiə doktrinasına uyğundur və dərhal razılaşma əldə etmək mümkündür. Əraqçının razılaşma üçün kifayət qədər dəstəyi və səlahiyyəti var.”

Bu mesaj İranın mövqeyini aydın göstərir: Tehran hesab edir ki, dini-siyasi səviyyədə verilmiş qərar onun nüvə silahı əldə etməyəcəyinə zəmanətdir.

Ancaq problem başqa yerdədir. ABŞ və Qərb üçün əsas məsələ bəyanat deyil, yoxlama və nəzarət mexanizmləridir. AEBA uzun müddətdir İranın bəzi nüvə obyektlərinə tam və fasiləsiz giriş imkanlarının məhdud olduğunu bildirir.

Məhz bu səbəbdən Vaşinqton üçün əsas sual belədir: əgər İran həqiqətən nüvə silahı yaratmırsa və yaratmayacaqsa, niyə yoxlamalar tam şəffaf və fasiləsiz aparıla bilmir?

ABŞ-nin İranla danışıqlarda irəli sürdüyü əsas şərtlərdən biri də məhz budur-geniş, davamlı və məhdudiyyətsiz beynəlxalq nəzarət.

ABŞ senatoru Tom Cotton da son çıxışında bildirib ki, İran Cenevrədə apardığı danışıqlarla dünyanı aldatmağa çalışır. Bu bəyanat Vaşinqtondakı skeptik mövqenin davam etdiyini göstərir.

Hazırda Cenevrədə keçirilən danışıqların artıq üçüncü raundu baş tutub. Lakin yenə də konkret nəticə yoxdur. Əsas fikir ayrılığı İranın uranın zənginləşdirilməsi məsələsindədir. Tehran “sıfır zənginləşdirmə” şərtini qəbul etmir.

Bu isə danışıqları faktiki olaraq yenidən başlanğıc nöqtəsinə qaytarır. Xatırladaq ki, ötən il də oxşar proses yarımçıq qalmış, daha sonra bölgədə gərginlik artmış və qısa müddətli hərbi toqquşmalar yaşanmışdı. Bu təcrübə tərəflər arasında etimadı daha da zəiflədib”.

Fətva ABŞ üçün arqument sayıla bilərmi?

“Teorik olaraq, dini liderin açıq və prinsipial qadağası siyasi arqument kimi təqdim oluna bilər. İran tərəfi bunu həm dini öhdəlik, həm də müdafiə doktrinasının tərkib hissəsi kimi göstərir.

Lakin beynəlxalq münasibətlərdə etimad hüquqi və texniki mexanizmlərlə ölçülür.

ABŞ üçün fətva: siyasi siqnaldır, diplomatik arqumentdir, fəqət hüquqi zəmanət və texniki nəzarət mexanizmi deyildir .

Belə olduqda, Vaşinqton üçün əsas meyar AEBA-nın obyektiv və tam hesabatlarıdır. Əgər yoxlamalar genişlənsə və zənginləşdirmə səviyyəsi ciddi məhdudlaşdırılsa, o zaman fətva əlavə psixoloji-siyasi təminat rolunu oynaya bilər.

Hazırkı şəraitdə isə təkcə fətva ABŞ-ni qane edəcək gücdə arqument sayılmır.

Qısacası, Xameneinin nüvə silahını qadağan edən fətvası İranın rəsmi mövqeyinin mərkəzində dayanır və Tehran bunu prinsipial xətt kimi təqdim edir. Pezeşkianın çıxışı və Şəmxaninin açıqlaması da bu xəttin davam etdiyini göstərir.

Ancaq ABŞ üçün məsələ dini və ya siyasi bəyanat deyil, yoxlanıla bilən, hüquqi və texniki zəmanətlərdir.

Bu səbəbdən fətva Vaşinqton üçün əlavə arqument sayılsa da, təkbaşına inandırıcı mexanizm hesab olunmur. ABŞ buna baxır, amma qərarını yalnız buna əsasən vermir. Danışıqların taleyi isə hələ də zənginləşdirmə və beynəlxalq nəzarət məsələsində tapılacaq kompromisdən asılıdır”-deyə A.Rəhimli qeyd etdi.

İradə SARIYEVA

Seçilən
6
baki-xeber.com

1Mənbələr