Bakı, 27 fevral, AZƏRTAC
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton cümə axşamı Konqres komitəsinə bildirib ki, cinayətkar Ceffri Epşteynlə görüşdüyünü xatırlamır və onun cinayətkar fəaliyyəti barədə paylaşacaq heç bir məlumatı yoxdur.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Hillari Klinton ifadəsində bildirib: “Cənab Epşteynlə görüşdüyümü xatırlamıram. Mən heç vaxt onun təyyarəsində uçmamışam və ya adasına, evlərinə, ofislərinə baş çəkməmişəm”.
O, Nyu-York ştatının Çappaqua şəhərində Nümayəndələr Palatasının Nəzarət komitəsində qapalı iclas zamanı yeddi saatlıq çıxışından sonra jurnalistlərə bildirib ki, gün ərzində ona dəfələrlə eyni suallar verilib. Lakin özü konqresmenlər qarşısında təhqiqatın aparılması ilə bağlı bəzi təkliflər irəli sürüb. Xanım Klinton bu təklifləri ətraflı açıqlamayıb. Onun sözlərinə görə, ona hətta UNO-lar və ən iyrənc saxta sui-qəsd nəzəriyyələrindən biri olan “Pizzagate” haqqında suallar da verilib.
2016-cı il Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton Konqresə ifadəsində Respublikaçıların rəhbərlik etdiyi paneli məsələyə birtərəfli yanaşmaqda ittiham edib.
Onun keçirdiyi brifinqdən sonra jurnalistlərə danışan Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer Prezident Trampın da bu məsələ ilə bağlı Konqres qarşısına çıxması fikrini rədd edib. “Prezident Tramp Epşteyn haqqında yüzlərlə, bəlkə də minlərlə sualınıza cavab verib və düşünürəm ki, o, sənədləri açıqlamaq məsələsində çox şəffaf olub”, -deyə Kentukki ştatından olan Respublikaçı Komer bildirib.
“Reuters” yazır ki, Hillari Klinton və onun həyat yoldaşı, sabiq Prezident Bill Klinton əvvəlcə Konqresin komitəsi qarşısında ifadə verməkdən imtina ediblər, lakin qanunvericilərin təkidindən sonra buna razı olublar.
Prezident Donald Tramp da onların Konqresdə ifadə verməsinin əleyhinə olub.