Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitə sədri Zahid Oruc gündəlikdə bir məsələnin – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə illik məruzəsinin müzakirəsinin yer aldığını bildirib.
Bu barədə Hafta.az-a Komitədən bildirilib.
Məlumatda qeyd olunub ki, məruzədə 2025-ci ilin ölkə üçün mühüm ictimai-siyasi proseslərlə yadda qaldığı vurğulanıb. Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi və Vətən müharibəsində Qələbənin 5 illiyi münasibətilə Prezidentin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun inkişafı baxımından əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Məruzəyə əsasən, ötən il Ombudsmana vətəndaşlardan 42 685 müraciət daxil olub, 916 çağrı mərkəzinə isə 14 718 müraciət qeydə alınıb. Sənəddə mülki hüquqlar, o cümlədən mənzil fondu, əmlak münasibətləri, qeydiyyat məsələləri, sağlamlığın qorunması hüququ, həssas əhali qruplarının tibbi xidmətlərə əlçatanlığı, bölgələrdə həkim çatışmazlığı, narkomaniya və toksikomaniya ilə bağlı vəziyyət əksini tapıb.
Komitə iclasında eyni zamanda, Qərbi Azərbaycana qayıdış, Suriyadakı düşərgələrdə saxlanılan vətəndaşların geri qaytarılması, məhkəmə qərarlarının icrası, aliment ödənişləri və Aliment Fondunun yaradılması zərurəti kimi məsələlərə də toxunulub. Bildirilib ki, sənəddə yer alan 94 təklifdən 67-si yeni, 27-si isə aktuallığını qoruyan təşəbbüslərdir.
Müzakirələrdə komitə sədrinin müavini Arzuxan Əli-zadə, deputatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək Ombudsman institutunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda insan hüquqlarının müdafiəsi, sosial təminat, məşğulluq, təhsil, səhiyyə və hüquqi maarifləndirmə sahəsində görülən işlər müsbət qiymətləndirilib, bir sıra təkliflər səsləndirilib.
İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qaldırılan məsələlərə münasibət bildirib.
Sonda Ombudsmanın 2025-ci il üzrə illik məruzəsi qənaətbəxş hesab olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib.