Bakı, 27 fevral, AZƏRTAC
Komandalar arasında güc balansı bərabərdir. Hansı kollektiv psixoloji olaraq hazırdırsa, üstünlük də onun tərəfində olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasında “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək XXII tur oyunu ilə bağlı danışarkən deyib.
O bildirib ki, mərkəzi qarşılaşma kifayət qədər maraqlı və gərgin mübarizə vəd edir: “Uzun müddətdir çempionluq uğrunda bu qədər prinsipial və həyəcanlı mübarizə izləmirdik. Amma bu oyunu birbaşa çempionun müəyyənləşəcəyi matç adlandırmazdım. Nəticə turnir cədvəlindəki faiz nisbətini ya artıracaq, ya da azaldacaq. Əgər komandalar arasında xal fərqi yüksələrsə, bu, “Sabah”ın çempionluq yolunda daha rahat irəliləməsi demək olacaq və lider psixoloji üstünlük qazanacaq. Mövsümün sonuna doğru istənilən komanda hətta autsayderlərə qarşı matçlarda belə, xal itirə bilər. Amma xal fərqi böyük olanda lider özünü daha arxayın hiss edir. Əksinə, “Qarabağ” qalib gəlsə, xal fərqi azalacaq və rəqabət daha da artacaq. Bu isə son turlarda gərginliyi maksimum səviyyəyə çatdıracaq”.
Şahin Diniyev vurğulayıb ki, belə oyunlarda favorit anlayışı olmur: “Bu qarşılaşmaya bir oyundan ibarət kubok matçı kimi yanaşıram. Belə görüşlərdə hər şey 90 dəqiqə ərzində həll edilir. Adətən daha təcrübəli komandanın üstün olduğu düşünülür. Amma bu, hər zaman nəticəyə birbaşa təsir etmir. Əsas amil psixoloji hazırlıqdır. Hansı komanda matça daha sakit və soyuqqanlı çıxacaqsa, emosiyalarına nəzarət edəcəksə, üstünlük də böyük ehtimalla onun tərəfində olacaq. Həddindən artıq istək və həyəcan bəzən komandaya mane ola bilər. Güc balansı təxminən bərabərdir. Buna görə də fiziki və ya texniki üstünlükdən çox, psixoloji faktor həlledici olacaq”.
Mütəxəssis “Qarabağ”ın yorğun olması ilə bağlı fikirlərlə razılaşmadığını da bildirib: “Bu arqumentləri artıq kənara qoymaq lazımdır. Komanda UEFA Çempionlar Liqasının son səfər matçında keyfiyyətli futbol nümayiş etdirdi və yorğun təsiri bağışlamadı. Əgər qarşıdakı oyunu taleyüklü sayırıqsa, burada ikinci dərəcəli amillər ön plana çıxmayacaq. Hansı komanda təzyiqi daha düzgün idarə edəcəksə, nəticəni də o müəyyənləşdirəcək. Əgər bu mövsüm başqa komanda çempion olarsa, “Qarabağ”ın yolu fərqli istiqamətdə davam edəcək. Amma açıq deyim ki, bu mövsüm avrokuboklarda keçilən yolu yenidən təkrarlamaq çox çətin olar. Bu, artıq tarixə yazılmış həm çətin, həm də şərəfli bir uğurdur. Sabah çempion olacaq komandanın eyni yolu keçəcəyini gözləmək real görünmür. Hər şey komandanın necə qurulacağından, transfer siyasətindən və ümumi strategiyadan asılı olacaq. Avropada uğur təsadüfi olmur, düzgün planlama və uzunmüddətli iş tələb edir”.
Qeyd edək ki, 21 turdan sonra “Sabah” 52 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” isə 45 xalla ikincidir. Komandalar arasında martın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.